Kreml Cənubi Koreyanın Ukraynaya hərbi yardım göstərməsi ehtimalından narahatdır.
“AzPolitika” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
Analitiklər qeyd edirlər ki, Rusiya Cənubi Koreya ilə gərginliyi azaltmağa bütün gücü ilə çalışır. Bu gərginlik Şimali Koreya ilə Rusiya arasında əməkdaşlığın artmasından, o cümlədən Cənubi Koreya və Ukrayna kəşfiyyatının Şimali Koreya qoşunlarının Rusiyada təlim keçmək üçün yerləşdirilməsi ilə bağlı məlumatlarından sonra yaranıb.
Qeyd olunur ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiya - Şimali Koreya hərbi əməkdaşlığının dərinləşməsi səbəbindən Rusiyanın Cənubi Koreyadakı səfiri Georgi Zinovyevi nazirliyə çağırıb. Lakin Rusiya tərəfi bu hadisənin əhəmiyyətini kiçiltməyə çalışır və səfirin çağırılmasını “könüllü görüş” kimi təqdim edir. Rusiya tərəfi həmçinin bəyan edib ki, Rusiya ilə KXDR arasında əməkdaşlıq Seulun “təhlükəsizlik maraqlarına qarşı yönəlməyib”.
Bundan əlavə, Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq digər ölkələr üçün “narahatlıq yaratmamalıdır” və Şimali Koreya qoşunlarının Rusiyada mümkün mövcudluğu ilə bağlı məlumatlar “ziddiyyətli ola bilər”.
Yəni, Şimali Koreyanın Rusiyaya açıq hərbi və əsgəri dəstəyi göz önündədir. Kremli narahat edən isə odur ki, indiyə qədər Ukraynaya yalnız humanitar yardım göstərən Cənubi Koreya artıq açıq hərbi yardıma keçə bilər. Bu ölkənin isə kifayət qədər güclü ordusu və müasir texnologiyalara əsaslanan hərbi sənayesi var.
Görünən odur ki, Rusiya Ukraynada başlatdığı münaqişənin miqyasını böyüdərək, oraya yeni “oyunçular” cəlb etməklə bu müharibənin doğrudan da yeni dünya müharibəsinə çevrilməsi üçün əlindən gələni edir…
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər