Dekabrın 11-i Bakıda Dünya Bankının, Avropa İttifaqının və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin dəstəyi ilə həyata keçirilən Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) layihəsinin yekun hesabatı təqdim olunub.
Maliyyə Nazirliyindən “Media forum” saytına verilən məlumata görə, PEFA Katibliyinin başçısı təqdimatında bildirib ki, yekun hesabat son 3 ilin (2011-2013-cü il) dövlət maliyyəsinin idarə edilməsi sahəsi üzrə göstəricilərin qiymətləndirilməsi əsasında hazırlanıb.
Aparılmış qiymətləndirmə nəticəsində 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər əldə edilib. Hesabatda büdcə zərfinə daxil edilən sənədlərin əhatəliliyinin artırılması, büdcə layihəsinin tərtibi qrafikinə ciddi əməl olunması, büdcə təsnifatının təkmilləşdirilməsi müsbət işlər kimi qeyd olunub.
Həmçinin hesabatda ortamüddətli büdcə proqnozlaşdırılmasının tətbiqi, davamlı olaraq dövlət büdcəsinin gəlirləri üzrə proqnozun artıqlaması ilə yerinə yetirilməsi, dövlət büdcəsinin xərcləri üzrə vaxtı ötmüş borcların yaranmasının qarşısının alınması, büdcə prosesində qanunvericilik orqanının iştirakının artması və digər istiqamətlər üzrə nailiyyətlər vurğulanıb.


Şərhlər