Belarus 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücum üçün öz ərazisindən istifadəsinə icazə verməyib.
“AzPolitika” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “BBC”-yə açıqlamasında deyib.
Belarus başçısı iddia edib ki, onun ölkəsində təlim keçən rus qoşunları onun icazəsi olmadan Kiyev tərəfə hərəkətə keçiblər: "Bizdə bir neçə min rusiyalı əsgərin qatıldığı təlimlər keçirilirdi. Bu qoşunlar əsasən şərq bölgəsindən idi və Putin bu qoşunları Belarusdan çıxarmağa başladı. Onlar cənubda idilər və Ukrayna ilə sərhədi boyu keçərkən bir hissəsi, əminəm ki, onları təxribata çəkdikləri üçün Kiyevə döndülər. Bu niyə baş verdi? Zelenskidən soruşun”.
Lukaşenko hətta Rusiya qoşunlarının Ukraynanı işğalında Prezidenti Volodimir Zelenskini günahlandırıb. O, həmçinin Ukraynanın Belarusa qarşı “düşməncəsinə” davranmasından, ona sanksiyalar tətbiq etməsindən və Belarus mülki təyyarələrinin Ukrayna ərazisindən keçməsinə qadağa qoymasından şikayətlənib.
Lukaşenko əlavə edib ki, hazırda Belarus “minimum səviyyədə münaqişəyə cəlb olunub”. Eyni zamanda qeyd edib ki, o, Putini və onun bütün hərəkətlərini dəstəkləməkdə davam edəcək.
“AzPolitika.info”


Şərhlər