“Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmamış bəndlərini razılaşdırmaq üçün fürsətlər görür”.
“AzPolitika” xəbər verir ki, bunu parlamentdə jurnalistlərə Baş nazir aparatının rəhbəri Araik Arutyunyan deyib.
O, jurnalistlərin “sənədi imzalamaq üçün razılaşdırılmayan məqamları tam razılaşdırmaq imkanı varmı sualına belə cavab verib: “Biz belə imkanları görürük”.
İrəvan və Bakı sülh sazişinin təxminən 80 faizində ortaq məxrəcə gəlib çatdıqlarını bəyan ediblər. İrəvan razılaşdırılmış müddəaların imzalanmasını, fundamental sənədin olmasını, sonra qalan məsələlər üzrə müzakirələrin davam etdirilməsini təklif edir. Baş nazir Nikol Paşinyan buna hazır olduğunu bir daha təsdiqləyib. Bakı Paşinyanın bu təklifini rədd edib.
Arayik Arutyunyan Paşinyanla Əliyev arasında Kazanda keçirilən görüşün təfərrüatlarını açıqlamayıb, lakin qeyd edib ki, o, bütün belə görüşləri dialoq baxımından müsbət qiymətləndirir.
“Biz əminik ki, başlanmış proseslər və sülh sazişinin imzalanması yaxın gələcəkdə reallığa çevriləcək. Düşünürəm ki, belə təmaslar faydalıdır”, - deyə o əlavə edib.
Kazanda görüşən Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan xarici işlər nazirlərinə sülh sazişinin mümkün qədər tez yekunlaşdırılması üzrə ikitərəfli danışıqları davam etdirməyi tapşırıblar. Tərəflər heç bir irəliləyiş barədə məlumat verməyiblər.
“AzPolitika.info”


Şərhlər