Menu

"Qızımla görüşməyim üçün kampaniya başladın" - Pərviz Həşimlidən mesaj 

21.11.2013, 11:05
"Qızımla görüşməyim üçün kampaniya başladın" - Pərviz Həşimlidən mesaj 

Vəkil Bəhruz Bayramov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan «Bizim Yol» qəzetinin əməkdaşı, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb.

Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərviz Həşimli çox böyük psixoloji sarsıntı keçirir. “Pərviz 5 yaşlı qızı ilə görüşmək istəyir. O, bildirir ki, hətta əsirlərə də belə davranmırlar, qızı ilə görüş nə istintaqın gedişinə, nə də başqa amillərə təsir etməyəcəyi halda qəsdən icazə vermirlər. Bununla bağlı jurnalistlərdən kampaniya keçirməsini və qızı, ailəsi ilə görüşə icazə veriməsinə nail olunmasını xahiş edir. Pərviz vurğuladı ki, bu məsələdə heç bir dövlət orqanına inanmır.“Ümidim bir Allaha, bir də jurnalistlərədir” - deyə Pərviz bildirdi. Ümid edirik ki, qızı ilə görüş verilərsə, bu, onun psixoloji gərginliyinin aradan qalxmasına da müsbət təsirini göstərəcək”. Vəkil əlavə etdi ki, Pərviz Həşimlinin işi ilə bağlı heç bir istintaq hərəkətləri aparılmır. “Pərviz Həşimli işgəncə altında olduğunu hesab edir. İstintaqla bağlı prokurorluğa və digər qurumlara yazdığı vəsatətlər, müraciətlər ondan alınaraq oxunur və ünvanına çatdırılmır. O, bunula bağlı da kəskin narazılığını bildirdi”.

Bu arada Pərviz Həşimlinin müdafiəsinə daha bir vəkil qoşulub. Tanınmış vəkil Yalçın İmanov Bizimyol.info saytıına bildirib ki, artıq orderi istintaq oraqanına təqdim edib. “Orderə əsasən MTN-in təcridxanasında Pərviz Həşimliyə təqdim edildim və o, məni müdafiəçi kimi qəbul etdiyini bildirdi” - deyən Y.İmanov vurğuladı ki, P.Həşimli ilə sistematik görüşmək üçün müstəntiqə məktubla müraciət edəcək.

Qeyd edək ki, Pərviz Həşimlinin hüquqlarını hazırda 3 vəkil - Elçin Sadıqov, Bəhruz Bayramov və Yalçın İmanov müdafiə edir.

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol