Ukrayna mətbuatında Rusiyanın Xəzər dənizindəki və sahildəki obyektlərə PUA zərbəsini əks etdirən videolar yayımlanıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə xüsusi əməliyyat nəticəsində ilk dəfə olaraq Xəzər dənizində Rusiya hərbi donanmasına zərbə endirildiyini bəyan edib. Məlumatda deyilir ki, Ukraynanın dövlət sərhədindən hədəfə qədər olan məsafə təxminən 1500 kilometrdir.
Kəşfiyyat mənbələrinin mətbuata verdiyi məlumata görə, kamikadze dronlardan istifadə edilən hücum noyabrın 6-da səhər saatlarında baş verib. PUA zərbəsi nəticəsində Dağıstanın Kaspiysk şəhərində ən azı iki hədəfə zərər dəyib. Bunlar “Tatarıstan” və “Dağıstan” raket gəmiləridir. Kiçik raket gəmisinin də zədələnməsi ehtimalı var.
Hücuma məruz qalan gəmilər Ukraynaya raket hücumlarında, 177-ci dəniz piyada alayı isə Xerson və Zaporojye vilayətlərində döyüşlərdə iştirak edib.
Həmçinin, əməliyyatlar nəticəsində Mahaçqala hava limanının fəaliyyəti dayandırılıb.
“AzPolitika.info”
***
Dağıstanın Mahaçqala hava limanı dron hücumu səbəbindən fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə RBC-yə hava limanının baş direktoru Səid Ramazanov məlumat verib. Bu gün səhər saatlarında Dağıstanın rəhbəri Sergey Melikov “Telegram” kanalında yazıb ki, hava hücumundan müdafiə qüvvələri Xəzər dənizi üzərində pilotsuz uçan aparatı vurub. Dağıntı və tələfat olmayıb. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri Dağıstan ərazisinə ilk dron hücumudur.
Şahidlər şəhərin üzərində uçan pilotsuz təyyarəni lentə alıblar.
Kaspiysk şəhərində Rusiyanın Xəzər flotiliyasının hərbi dəniz bazası yerləşir. Şəhər Xəzər dənizinin sahilində, Mahaçqaladan təxminən 20 kilometr aralıdadır.
“Teleqram” kanallarının məlumatına görə, Kaspiyskdən Ukraynanın nəzarətində olan ən yaxın ərazisinə qədər olan məsafə min kilometrdən çoxdur. Ona görə də Dağıstana “A-22 Flying Fox” tipli Ukrayna pilotsuz uçan aparatı hücum edə bilərdi. Qeyd olunur ki, may ayında eyni qurğu Tatarıstan üzərində vurulmuşdu.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 2 pilotsuz təyyarənin noyabrın 6-na keçən gecə Kursk və Oryol vilayətləri ərazisi üzərində vurulduğunu bildirib. Nazirliyinin məlumatında Dağıstanın adı çəkilmir.
“AzPolitika.info”


Şərhlər