Və ya dövlət adıyla edilmiş möhtəkirlik
Bu gün cəmiyyətimizin ən ciddi problemlərindən biri özəl mülkiyyət hüququnun lazımi qaydada təmin olunmamasıdır. Bəzən illər boyu böyük əziyyətlə qurduğun mülkiyyət hansısa məmur özbaşınalığı sayəsində əlindən çıxa bilər. Bu da azmış kimi eyni torpaq sahəsinin bəzən bir neçə adama satılması da istər-istəməz haqlı narazılıqlar yaradır, insanları üz-üzə qoyur. Ən elementar hüququ pozulan belə vətəndaşlardan biri də Nizami Hacı oğlu Məmmədovdur.
Öncə ondan başlayaq ki, haqqında söhbət açdığımız şəxs ixtiraçı alimdir. Tibb elmləri namizədidir. İxtisasca cərrah olan Nizami həkim öz əqli potensialını, bilik və təcrübəsini millət, vətən uğrunda fəda etməyi bacaran ziyalılarımızdandır. O, Birinci Qarabağ müharibəsi zamanı könüllü cəbhə bölgələrinə getmiş, döyüşlərdə ağır yaralanan hərbçilərimizin həyata qaytarılmasında əlindən gələni əsirgəməmiş, bu məqsədlə yaratdığı həkim briqadasına rəhbərlik etmiş, Türkiyə və Rusiyadan peşəkar mütəxəssilərin ölkəyə gətirlməsində mühüm rol oynamışdır. Şuşadan Sədərəyə qədər keçdiyi cəbhə yolu boyunca xeyli vətənpərvər oğullarımızın əməliyyatını həm maddi, həm mənəvi cəhətdən öz boynuna götürmüşdür.
Torpaqlarımızın müdafiəsində öz xidmətlərini əsirgəməyən Nizami Məmmədov özü indi bir qarış torpaq üçün 20 ildir ki, mübarizə aparır. Belə ki, o, Bakı şəhər keçmiş Əzizbəyov (Xəzər) rayon İHB-nın 748 saylı, 07 sentyabr 1994-cü il tarixli sərəncamıyla aldığı torpaq sahəsinə sahib ola bilmir. Qeyd edək həmin sərəncama əsasən həkimə Mərdəkan qəsəbəsinin 535 nömrəli sahəsində fərdi ev tikmək üçün 1200 kv.m-lik torpaqsahəsi ayrılıb. Ona əlavə 1600 kv.m-lik sahəni də öz ərazisinə qata biləcəyi, bu yerin daha sonra rəsmiləşdiriləcəyi bildirilib.
Aldığı bu torpaq sahəsində N. Məmmədov ev inşa etməyə başlayıb. Əvvəl torpaq sahəsi hasara alınıb, daha sonra bu hasarın içərisində mənzil tikilib. Evin dam örtüyünə qədər hər şey öz axarında gedib. İş dam örtüyünə çatanda isə həkimin həyatında bəzi problemləri yaranıb. Bu problemləri həll etmək üçün bir müddətliyə Ukraynaya gedib. 2004-cü ildə vətənə qayıdanda isə əliylə qoyub getdiyi torpağını tapa bilməyib. Yağlı əppək olub göyə çəkilən bu ev uzun axtarışlardan sonra “kəşf olunub”. Sən demə, onun ölkədə olmadığını fürsət bilən icra nümayəndələri həmin torpağı başqasına satıblar. Beləcə, düz 10 ildir ki, davam edən mülkiyyət hüququnun bərpası uğrunda mübarizə başlayıb.
Onun öz əliylə inşa etdiyi evi alanlar həyətyanı sahəsinə yığdığı tikinti materiallarını da ata malı kimi bölüşdürüblər. Tikdiyi evi söküb daşından istifadə etdikləri kimi şəxsi əmlakı olan qaldırcı kranı da yandırıb sıradan çıxarıblar. Yüzdən artıq beton pilitəni isə gördüm deyən olmayıb. Sementdən tutmuş qumuna qədər hər şeyi mənimsəyiblər.
Uğradığı maddi ziyana baxmayaraq Nizami həkim icra nümyəndələri ilə dil tapmağa, onların bu zərəri kompensasiya etmələri üçün verəcəkləri təkliflərə sayqıyla yanaşmağa çalışıb və bu gün də çalışır. Ona edilən təkliflər isə kompensasiyadan daha çox, başaldadıcı xarakter daşıyıb. Zərərçəkmişə əvvəl öz ərazisinin əvəzinə başqa yer təklif olunub. Təklif edilən yerlə tanış olanda bu ərazinin yüksəkgərginlikli elektrik xəttinin altında yerləşdiyini görüb. Həm sağlamlıq baxımından zərərli, həm də hüquqən doğru olmadığını nəzərə alan Nizami həkim, təbii ki, bu yerlə razılaşmayıb. Daha sonra ona öz halal torpağından kiçicik bir payla razılaşmaq təklif edilib. Bu da qaneedici təklif olmadığından o, öz mülkünü tələb edib. Xeyli çək-çevirdən sonra zərərçəkmişə məhkəmə yoluyla haqqına qovuşa biləcəyi bildirilib. Ötən ilin noyabr ayında N. Məmmədov məcburən məhkəməyə müraciət etməli olub.
Qəribədir ki, məhkəmə də bu məsələdə heç bir fikir bildirə bilməyib. Əlində icra hakimiyyətinin sənədi olmasına baxmayaraq hakim nədənsə bu yerin kimə aid olmasını müəyyənləşdirmək üçün əlavə ekspertiza rəyinə ehtiyac duyub. Biri Torpaq Komitəsi, digərləri isra hakimiyyətinin nümayəndəsi və əmlak komitəsindən olmaqla seçilən 3 ekspertin heç biri ərazi haqqında konkret rəy verməyib. Şəxsi söhbətlər zamanı ekspertlər bunu çarəsizlikləri ilə əsaslandırıblar. Belə ki, eyni yer haqqında sənəd həm Nizami Məmmədova, həm də Hüseynov Heydər Müsayib oğlu adlı birisinə verilib. Daha sonra mülkün ikinci sahibi onu başqalarına satıb. Beləcə, torpaq sahəsinin kimə məxsusluğunu müəyyənləşdirəcək hüquqi prosedur elə qəlizləşdirilib ki, indi məhkəmə də son sözünü deməkdə çətinlik çəkir. Yerin kimə aid olması haqqında veriləcək qərarın digər tərəfi narazı salacağından ehtiyatlanır.
Nizami həkimə ən qəribə gələn də budur. 1994-ü ildə həmin sahəni alanda inzibati ərazinin, demək olar, bütün yetkililəriylə halallaşıb. İcra nümayəndələri müxtəlif zamanlarda onunla görüşüb. Hər biri alınan torpaq münasibətilə ixtiraçı alimi təbrik ediblər. Həmin ərazi hasara alınıb. Üzərində ev tikilib. Obyektdə onlarla insan işləyib. Mülk sahibinin şəxsi qaldırıcı kranı olub. Bu qədər işin görüldüyü məqamda heç kim Nizami həkimə mülkün başqa sahibinin olması haqqında məlumat verməyib. Əgər həqiqətən də belə bir hal olsaydı, ən azından yerin digər sahibi ortaya çıxar, sahiblik iddiası irəli sürə bilərdi. Bütün bunların heç biri yaşanmadığı halda 12 il sonra mülkün yeni sahibinin peyda olması xeyli müəmmalı suallar yaradır.
Qəribədir ki, “ikinci adaxlının” əlindəki sənəddə də həmin ərazinin satılma tarixi olaraq təxminən eyni vaxt göstərilir. Nizami həkimə verilmiş sənəd 07 sentyabr 1994-cü il, digər iddiaçı Hüseynov Heydər Müseyib oğlunun adına yazılmış sənəd isə 10 may 1994-cü il tarixində imzalanıb. Hardasa 4 ay qabaqkı tarixdə. Eyni yerin iki adama satılması nə qədər absurddursa, digər iddiaçının o zaman yox, 12 il sonra ortaya çıxması da eyni dərəcədə başa düşülən deyil. Məhz buna görə də digər iddiaçıya həmin sənədin sonradan verildiyi, sadəcə verilmə tarixinin öncəyə atıldığı ehtimal olunur. Bu isə eyni zamanda sənəd saxtakarlığıdır ki, ağır cinayət məsuliyyəti tələb edir.
Göründüyü kimi, ancaq dövlət adından edilmiş möhtəkirlik kimi qiymətləndirilə biləcək bu mülk davası içindən çıxılmaz dalana dirənib. Zamanının daha artıq bu möhtəkirliyə qurban getməsini istəməyən Nizami həkim indi ya öz sahəsini, ya da ona dəyən maddi ziyanın kompensasiyasını tələb edir.
Nizami həkimi ən çox narahat edən isə dövlət məmurlarınının ziyalılara göstərdiyi münasibətdir. Uzun illər tibb sahəsində fəaliyyət göstərən, ölkənin ən ağır günlərində başqaları kimi evində gizlənməyən, könüllü şəkildə cəbhədən-cəbhəyə yollanan bir ziyalıya bu cür etinasızlıq bəslənirsə, digər ziyalıların hansı problemlərlə rastlaşdığını təsəvvür edə bilməyən ixtiraçı-alim deyir:
“Ədalət bütün dövlətlərin ən ümdə xüsusiyyətləridir. Buna görə də dövlət yetkililəri vətəndaşa, o cümlədən ziyalılara xor baxan, onları öz qapılarında get-gələ vadar edən, abırına qısılıb susmağından faydalanan məmurlara qarşı ciddi ölçü götürməli, dövlət adından verilmiş sənədlərin müqəddəsliyini qorumalıdır.”
Mülkiyyət hüququ insanın ən elementar haqqı və dövlət mexanizminin əsas təyinatının da bu hüququ qorumaq olduğu nəzərə alsaq Nizami həkimin ölkə rəhbərlərindən gözləntilərinə haqq verməmək mümkün deyil. Xüsusilə mülkiyyət məsələsinə daha etina ilə yanaşmaq tələb olunur. Bu iddia uzun illərlə bitmək-tükənmək bilməyən mübahisələrə, gərginliyə yol aça bilər və heç kimə xeyir gətirməz. Bizim milli mentalitetimizdə də yaşanacaq bu gərginlikdən sığortalanmaq üçün anadan-babadan qalan gözəl ənənlərimiz olub. Atalar mülk alarkən öncə onun sahibindən halallıq almağı elə-belə kəşf etməyiblər. Minillik təcrübələrə əsaslanıb hallallığı alınmayan toprağın, evin xeyir-bərəkət gətirməyəcəyinə inanıblar.
Heydər Oğuz

Şərhlər