David Kramer: "Biz Rusiyaya və Belarusa sanksiyalar tətbiq edirik. Axı Azərbaycan niyə fərqli olmalıdır?”"
ABŞ paytaxtı Vaşinqton şəhərində Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı forum keçirib. "Amerikanın səsi"nin məlmatına görə, “ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi?” adı ilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç, “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda isə Makkeyn İnstutunda insan hüquqları və demokratiya üzrə baş direktor vəzifəsini tutan David Kramer, eləcə də AZAD təşkilatının prezidenti Elmar Şahtaxtinski və vitse-prezidenti Qorxmaz Əsgərov çıxış ediblər.
İlk çıxış edən Riçard Kazlariç Azərbaycanda hüquq pozuntularının vüsət almasının ABŞ-Azərbaycan münasibətlərinə təsirindən danışdı. Onun sözlərinə görə jurnalist Xədicə İsmayılovanın və hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsləriAzərbaycan hökumətinin avtoritarizmə doğru irəliləyişində son addımlardır və rəsmi Vaşinqton buna ciddi cavab vermək haqda düşünməldir.
Jurnalistlərin və hüquq müdafiəçilərinin həbs olunmalarının qəbuledilməz olduğunu vurğulayan cənab Kazlariç onun Azərbaycanda səfir işlədiyi dönəmdən bəri çox şeyin dəyişdiyini, insan haqları və demokratiya sahəsində isə durumun bərbadlaşdığını önə çəkib. Bildirib ki, görkəmli jurnalist Xədicə İsmayılovanın həbsi Qərb-Azərbaycan münasibətlərində fundamental dəyişikliyə çağırışlarla müşayiət olunur.
“Biz Azərbaycan xalqı ilə təmas qurmağın yollarını aramalıyıq. Ənənəvi metodlar artıq işləmir. Vəziyyət orada günü-gündən pisləşir,” deyə sabiq səfir Vaşinqtonu Azərbaycanla münasibətlərə yenidən baxmağa çağırıb.
Azərbaycanda Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin son məqaləsinə toxunan cənab Kazlariç bu yazını ABŞ-Azərbaycan münasibətlərində mühüm dönüş nöqtəsi adlandırdı. Sabiq səfir qeyd etdi ki, ABŞ-ı Azərbaycanda siyasi sabitliyə başlıca təhlükə kimi qiymətləndirməklə cənab Mehdiyev Azərbaycan hökumətinin Qərbə münasibətinin arxasında hansı düşüncələrin dayandığını faş etdi.
Riçard Kazlariç əlavə edib ki, ABŞ avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret ölçüləri nəzərdən keçirməlidir. Bunların sırasında o, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğulayıb: “Azərbaycana gedən amerikalılar bilməlidirlər ki, onlar orada izləniləcək, onları orada otel otaqlarında və başqa özəl məkanlarda videokameraya çəkəcəklər. Azərbaycan hökumətinin mediadakı bərbəzəkli reklamlarına baxmayaraq turistlərə aydın edilməlidir ki, Azərbaycanda onların başlarına pis şeylər gələ bilər.”
Freedom House təşkilatının sabiq direktoru David Kramer ABŞ üçün Azərbaycan kimi “artan şəkildə korrupsioner və avtoritar” rejimlə yaxşı münasibətlər saxlamağın çətin olduğunu bəyan edib. Onun sözlərinə görə hazırda Azərbaycan hökuməti təkcə Qərb dəyərlərinə deyil, universal dəyərlərə hörmət etmir: “Bu ölkədə olan siyasi məhbusların sayı Rusiya və Belarusda mövcud olan siyasi məhbusların sayından iki dəfə çoxdur. Biz Rusiyaya və Belarusa sanksiyalar tətbiq edirik. Axı Azərbaycan niyə fərqli olmalıdır?”
Cənab Kramer rəsmi Bakıya Azərbaycanda həyata keçirdiyi siyasi həbslərə görə bədəl ödətdirməyin vacibliyini vurğulayıb. Onun fikrincə, Xədicə İsmayılovanın həsbi göstərdi ki, belə bir hökumətə bəyanatlar işləmir.
“Sözdən işə keçmək vaxtı çoxdan gəlib çatıb,” deyə cənab Kramer Azərbaycan hökumətinə əməllərinin ona baha başa gələcəyini sübut etmək məqamının çatdığını bildirib.
Konkret olaraq o, beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinə nəzər yetirməyin mühümlüyünü qeyd edib. O, bildirib ki, Aərbaycan hakimiyəti ölkədə mötəbər yarışlar keçirməklə beynəlxalq arenada hörmət qazandığını göstərməyə can atır. Onun sözlərinə gpörə, bu kimi yarışların müqabilində siyasi məhbusları azad etmək tələbi qoyulmalıdır.
David Kramer hazırda demokratiya ilə diktatura arasında müharibə getdiyini bildirdi. Bu müharibədə ABŞ-ın öz prinsiplərinə sadiq qalmalı olduğunu vurğulayan cənab Kramer Azərbaycanda mövcud olan rejimin hazırda əks mövqedə yer aldığını bildirib: “Dəyərlərimizi paylaşmayan rejimləri Qərb institularına cəlb etmək səhv yanaşmadır. Onlar bizi dəyərlərimizi qəbul etmək əvəzinə onları korrupsiyaya uğradırlar. Biz bunun fəsadlarını Avropa Şurasında və başqa qurumlarda görürük. Mən Azərbaycan kimi ölkələrin bu qurumlarda təmsil olunmasını istəmirəm.”
Daha sonra tədbirdə çıxış edən AZAD təşkilatının vitse-prezident Qorxmaz Əsgərov Azərbaycanda siyasi durumun davamlı şəkildə pisləşdiyinə diqqət çəkdi. Onun sözlərinə görə Azərbaycan hökuməti son 11 il ərzində siyasi proseslərə yanaşmasında ardıcıllıq nümayiş etdirib – sistematik şəkildə sivil cəmiyyətin hüdudlarını daraldıb. Qərb isə Azərbaycan hökumətinin basqılarına əsasən real əmələ söykənməyən bəyanatlarla, qarışıq siqnallarla cavab verib. Nəticə Azərbaycandə pisləşən insan haqları və soyuqlaşan ABŞ-Azərbaycan münasibətləri olub.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb .


Şərhlər