Mətbuatda tez-tez bu və ya digər məmurun, deputatın, hətta bəzi elmi dərəcə almış şəxslərin savadsızlığı, yerində olmaması, diplomunun saxta, ya da mənfi reputasiyalı özəl universitetlərdən alındığı barədə müxtəlif məlumatlar dərc edilir. Doğru da edilir. Cəmiyyətin bu və ya digər problemini aşkarlamaq və işıqlandırmaq “4-cü hakimiyyət” sayılan mətbuatın birbaşa borcu və vəzifəsidir... Bəs mətbuatın özünün savadı – media savadlılığı hansı səviyyədədir və onun özü tənqid etdiklərindən çoxmu fərqlənir? Jurnalist savadlılığı media ilə cəmiyyət və media ilə dövlət münasibətlərinin qurulmasında, bu əlaqənin keyfiyyət səviyyəsində olduqca önəmli rol oynayır.
Özünün peşəkarlığı böyük sual doğuran medianın dövlət qurumlarından, nazirliklərdən, ayrı-ayrı məmurlardan peşəkarlıq və dürüstlük tələb etməsi məntiqdən kənar və effektsiz olar. Necə ki, hazırda bir çox hallarda effektsizdir...
Savadsız media gündəmə savadsız, peşəkarlığı sual yaradan fiqurlar çıxarır, onları cəmiyyətə təqdim edir və populyarlaşdırır. Həmin şəxslər də öz növbələrində cəmiyyətin formalaşmasında, məlumatlandırılmasında, hətta ideoloji yönləndirilməsində mənfi rol oynayır, onu səhv istiqamətlərə çəkib aparır. Bu gün savadı və analiz qabiliyyəti şübhə doğuran “politoloqlar”dan tutmuş bayağı mahnılar oxuyan ”ulduz”lara qədər bir çox “peşəkarlar”ın önə çəkilib efirlərə, saytlara gətirilməsi də media savadsızlığının və bundan irəli gələn məsuliyyətsizliyin göstəricisidir.
Savadsızlıq həm də məsuliyyətsizlik doğurur. Məhz özlərinin media savadsızlığı ucbatından peşəkarlığı, savadı ciddi şübhə doğuran adamları “ağına-bozuna baxmadan” efirlərə, qəzet, sayt səhifələrinə çıxaranlar gördükləri işin məsuliyyətini dərk etmirlər. Və yaxud, Azərbaycan efirlərində, qəzetlərində, saytlarında hətta tanınmış media təmsilçilərinin, aparıcıların öz şəxsi siyasi mövqeyindən, baxışından, incəsənət, musiqi zövqündən çıxış edərək, qonaqlarla, ya müsahiblərilə mübahisə etdiyini görürük. Bunun özü də media savadsızlığının, qeyri-peşəkarlığın nümunələrindən biridir...
Təəssüf ki, Azərbaycanda media əsasən mənfi istiqamətdə inkişaf edib. Yalnız son illərdə bu sahədə müəyyən qayda-qanun, standartlar yaradılması istiqamətində dövlət səviyyəsində addımlar atıldı, Media Agentliyi yaradıldı və sair. İndi jurnalist vəsiqəli “kiçik reketlər”ə daha az-az rast gəlinir və cəmiyyət qarşısında jurnalistikanın daha ciddi simasının yaradılması istiqamətində, kövrək də olsa, addımlar sezilməkdədir...
Həmçinin, son illər media nümayəndələrində yazdıqlarına görə məsuliyyət hissi yaranmaqdadır. Baxmayaraq ki, bu, zatən jurnalistikanın “qızıl qaydaları”ndan biridir və buna riayət etmək bu sahədəki hər kəsin peşə borcudur.
Şübhə yoxdur ki, savadsız media, yaxud media savadsızlığı jurnalistikanı peşə kimi yerdən yerə vurur, onun ictimai dəyərini, çəkisini yüngülləşdirir, gözdən salır.
Bir sözlə, media savadlılığı birinci növbədə elə medianın özünə lazımdır. Savadsız “4-cü hakimiyyət” isə nə cəmiyyətə, nə də dövlətə lazım deyil...
E.Qüdrətoğlu
“AzPolitika.info”




Şərhlər
Televiziya kanallarının birində jurnalist uşaqdan soruşur ki, adın necədir?Uşaqda çaşıb qalır nə cavab versin.
Dələduzlar mediya vasitəsilə özlərinə qazanc əldə edirlər. Onlardan biri Şəki Təhsil qəzetinin Baş redaktoru Bəşarət Süleymanovdur. Onun buraxdığı qəzetlərə Şəki Təhsil İdarəsinin müdiri əhəmiyyət verilmir. Bəşarət Süleymanov qəzet adı ilə Jurnal buraxır, jurnalın buraxılış nömrəsi yoxdur, jurnalı Komputerdən çıxarır, ardıcıllıq yoxdur, nömrəsidə yoxdur. Bir Jurnal nömrəsində kimdənki çap pulu alır, ortadan cüt vərəq çıxardır, həmin cüt vərəqə görə müştərisini tapır, komputerdən çıxardıb, həmin nömrəyə tikib verir, bu da Bəşarətin qəzeti. Onun haqqında Elm və Təhsil Nazirliyinə və Şəki Təhsil İdarəsdinə məlumat verilməsinə baxmayaraq onun haqqında heç bir tədbir görülməmişdir. Bu qəzetinin Lisenziyası ləğv olunmalıdır.
Məgər dövlət rəsmiləri efir məkanında nələr baş verdiyini görmür? Vətəndaşlarını savadsızlığa, zövqsüzlüyə, yaltaqlığa sürükləyən məgər onlar deyil? Bilmirəm bəlkə də MDB məkanına daxil olan ölkələrdə də oxşar vəziyyətdir? Olsa da belə ən biyabırçı vəziyyət bizim ölkədədir. Əgər sovetlər dönəmində məktəb şagirdləri orta məktəbi bitirəndən sonra hüquqşünas, həkim, müəllim olmaq arzusunda idilərsə, hazırki şagirdlərdən onların hansı sənət sahibləri olmalarını soruşsanız, cavab eyni olacaq: müğənni, idmançı, teleaparıcı. Efirimizi Bədqədəm, Gülbadam, Zaurlar, Təpəgözlər zəbt edib. Savadları da orta məktəb səviyyəsindədir. Xatırlamıram, sonuncu dəfə yerli kanallara nə vaxt baxmışam. Bu kanallar maarifləndirmədən savayı hansı mənsəbə xidmət edirlər mənim üçün qaranlıq qalır. Vaxtında dövlətin du sahədə siyasəti dəyişməsə vay bizim halımıza. ANS televiziyasının hansı səbəbdən bağlanması hər bir azərbaycanlı üçün sir deyil.
Savadsiz 4 cū hakimiyyet deyil....KÖLƏDIR....XALQDAN BAŞQA HAMIYA LAZIMDIR.....
E. Qüdrətoğludan sual edirik:_Peki nədən peşəkar jurnalistlər meydandan çəkilib? Niyə milli mediya corma-cocukların əlinə keçib? Yəni doğrudanmı siz həqiqi səbəbi bilmirsiniz?