“Heç kimə Ukraynanın adından danışmaq mandatı verməmişik” - “Heç bir liderin Ukraynasız Putinlə danışıqlar aparmağa haqqı yoxdur”


Hazırda Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri azad etməyə gücü çatmır. Ukraynalılar yalnız Putini danışıqlar masasına oturtmaq üçün beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərlər.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “Le Parisien” qəzetinə müsahibəsində deyib.
Ukrayna Prezidenti Qərbin zəif mövqeyindən təəccübləndiyini deyib: “Niyə müharibənin əvvəlindən bizi kütləvi şəkildə silahla təmin etmədilər? Danışığım iddialı görünə bilər. Amma məndə belə bir təəssürat var ki, hamı Putin Rusiyasından qorxur. O da cəzasızlıqdan istifadə edir.Putinə təzyiq göstərmək və bu müharibəni dayandırmaq üçün bizə güclü Amerika və Avropa lazımdır”.
Zelenskinin sözlərinə görə, indi Ukrayna zəif deyil, lakin eyni zamanda danışıqlar üçün güclü mövqedə də deyil: "Biz NATO-dayıq? Bilmirik. Avropa Birliyinin bir hissəsi olacağıq? Bəli, gələcəkdə, amma nə vaxt? Belə şəraitdə Putinlə masa arxasında oturmaq ona dünyanın bizə aid hissəsində hər şeyi həll etmək hüququ verər. Biz əvvəlcə bir model, fəaliyyət planı və ya sülh planı hazırlamalıyıq… O zaman onu Putinə, daha geniş şəkildə desək, ruslara təqdim edə bilərik”.
Prezident vurğulayıb ki, dünyada heç bir liderin Ukraynasız Putinlə danışıqlar aparmağa haqqı yoxdur: "Biz bu mandate heç vaxt, heç kimə həvalə etməmişik. Biz qurbanıq. Hər kəs ölkənin(Ukraynanın) necə yaşamalı olduğunu deməyə başlasa, ədalətsizlik olar. Fransada fransızlar, İtaliyada italyanlar və ya ABŞ-də amerikalılar özləri üçün nə istədiklərini bilirlər. Ukraynalılar da həmçinin”.
Xatırladaq ki, bundan öncə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak hazırda Ukrayna ilə Rusiya arasında danışıqlar imkanının olmadığını deyib: “Bu barədə mediada istədiyiniz qədər danışa bilərsiniz, amma tərəflərin mövqeləri tamamilə bir-birinə ziddir... Biz hələ də reallıqlara obyektiv baxmalıyıq: Rusiya Federasiyası danışıqlar masasına yalnız məcburetmə alətləri vasitəsilə oturdula bilər”.
“AzPolitika.info”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.