Konqresə aralıq seçkisində Respublikaçılar partiyasının məğlubiyyətini etiraf edən ABŞ Prezidenti Donald Tramp hələlik məyusluğunu gizlətməyə çalışır.
Buna baxmayaraq, adətən Demokratları bəzən təhqir səviyyəsinə qədər tənqid edən Tramp Demokrat Partiyası ilə əməkdaşlıq edəcəyini bildirib: "Mən bu nəticələri qəbul etməyə tamamilə hazıram. Biz Demokratlarla işləyəcəyik - bilirsiniz, onlarla işləməyə ümid edirik. Düşünürəm ki, nəsə barədə razılığa gələ biləcəyik".
Lakin müşahidəçilər bu məğlubiyyət nəticəsində prezidentliyinin növbəti iki ilində “əli-qolu xeyli bağlanan” Trampın Senat və Nümayəndələr Palatası ilə münasibətlərinin gərgin olacağını proqnozlaşdırırlar.
Həm Senatı, həm də Nümayəndələr Palatasını itirən Tramp əvvəlki siyasi və inziabti komfortunu itirir. Senata nəzarət Demokratlara Trampın nazir, səfir və federal hakim təyinatlarını rədd etmək imkanı yaradır. Tramp yenə namizədləri özü seçəcək, lakin rəqiblərinin təsdiqi olmadan onları Senatdan keçirə bilməyəcək.
Nümayəndələr Palatasındakı üstünlük isə Demokratlara büdcə və pul üzərində nəzarət imkanı verəcək. Tramp üçün pulun nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, bu reallığın ona ciddi diskomfort yaradacağı şübhə doğurmur. Nümayəndələr Palatasının razılığı olmadan hökuməti və fərdi proqramları maliyyələşdirən qanunvericilik aktlarını qəbul etmək mümkün deyil. Buna görə Demokratlar Tramp administrasiyasının xərclərini dəstəkləməkdən imtina edə, ya da təsdiq müqabilində öz şərtlərini diqtə edə biləcəklər.
Onlar həmçinin Nümayəndələr Palatasının komitələrinə sədrlik edəcəklər və yüksək ranqlı məmurları sorğu-suala çağıra, sənədlər tələb edə və administrasiyanın qərarlarını, xüsusən də məsələn, Rusiya ilə mübahisəli dizel yanacağı müqavilələrini və İranla müharibə zamanı administrasiyanın hərəkətlərini araşdıra biləcəklər.
Əslində, hələ səsvermədən əvvəl də Ağ Ev Trampa yaxın olanlarla, xüsusən də onun ailəsi ilə bağlı mümkün araşdırmalardan narahat idi. Bəzi Demokratlar artıq bu araşdırmalar üçün planlar hazırlayıblar. Qeyd edək ki, bu məğlubiyyət həmçinin nüfuzlu Respublikaçılar və partiyanın donorları tərəfindən də Trampa təzyiqi artıra bilər.
İmpiçment üçün nə lazımdır?
Məlum məsələdir ki, Demokratlar növbəti iki ili Tramp üçün “cəhənnəmə çevirmək”dən ötrü hər şey edəcəklər. Lakin onlar heç bir qanunu təkbaşına qəbul edə bilməyəcəklər. Çünki qanun hər iki palatadan keçəndən sonra Prezident ona veto qoya bilər. Artıq Tramp bunun anonsunu verib. Onun qoyacağı vetonu aşmaq isə çox çətin olacaq. Çünki həmin vetonu ləğv etmək üçün Konqresin üçdə ikisinin səsi tələb olunur. Demokratlar isə qələbə qazansalar da bu nisbətdə üstünlüyə malik deyillər. Respublikaçıların bir qisminin dəstəyi olmadan bu mümkün deyil.

Nümayəndələr Palatasındakı üstünlük Demokratlara Trampa qarşı impiçment çərçivəsində ittihamlar irəli sürməyə imkan verəcək. Lakin Prezidenti mühakimə etmək və ya vəzifəsindən kənarlaşdırmaq üçün senatorların üçdə ikisinin səsi tələb olunur - əgər 100 nəfərin hamısı səs verərsə, 67 səs lazımdır. Bu o deməkdir ki, təxminən 15 respublikaçı senator da bu tələbi dəstəkləməlidir. Bunun üçünsə ciddi qanun pozuntuları ilə bağlı dəlillər ortaya çıxmalıdr. Müşahidəçilər bu ssenarini heç də birmənalı istisna etmirlər. Lakin bunun mütləq baş verəcəyini də iddia etmək doğru olmaz. Çünki yuxarıda qeyd edildiyi kimi, bunun üçün ciddi qanun pozuntuları, korrupsiya, milli təhlükəsizliyə xələl gətirilməsi və s. ilə bağlı təkzibolunmaz dəlillər lazımdır.
Əlbəttə, Nümayəndələr Palatasının müvafiq komissiyalarına nəzarəti ələ keçirəcək Demokratlar bu cür araşdırmaları mütləq təşkil edəcəklər. Ancaq bu araşdırmalarda elə faktlar ortaya qoyulub sübut edilməlidir ki, artıq Respublikaçılar da buna göz yuma bilməsinlər. Trampın fəaliyyəti dövründə buna əsas verəcək nə qədər fakt var və belə bir ssenari realdırmı? Bunu zaman göstərəcək…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər