Rusiyada rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbuluna qadağa qoyulur. Belə ki, Rusiya Dövlət Duması miqrantların uşaqlarının məktəblərə qəbul zamanı rus dili biliyinin yoxlanılması üçün məcburi sınaqdan keçirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Rusiyada xeyli azərbaycanlı yaşayır, əlbəttə, bu qanun rus dilini bilməyən azərbaycanlı uşaqlara da aiddir.
Nəzərə alaq ki, ölkəmizdə də xeyli sayda Azərbaycan dilini bilməyən uşaq var. Rus bölməsində təhsil alan bu uşaqlar azərbaycanlı olsa da, öz ana dilini mükəmməl bilmirlər. Ailəsində belə onunla rus dilində danışılır. Bu səbəbdən illər keçdikcə ana dili unudulur və yadlaşır.
Necə edək ki, ana vətənimizdə ana dilində danışaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elmin Nurizadə düşünür ki, belə məsələlərdə tolerant və daha təmkinli davranmaq lazımdır: "Əvvəlcə onu deyək ki, ümumutəhsil seqmentində rus dilində tədris aparan məktəblərin sayı bütün məktəblərimizin sayı ilə müqayisədə o qədər də çox deyil sayları 300-dən bir az çoxdur. Bunların yalnız 17-də təhsil ancaq rus dilində aparılır. Yerdə qalanlarında isə həm Azərbaycan, həm də rus dili bölmələri fəaliyyət göstərir. Tədrisin rus dilində aparıldığı bölmələrdə təhsil alanlar üçün öz doğma ana dilinə sevgi və münasibətin daha da gücləndirilməsi üçün artıq bir neçə ildir ki, zəruri addımlar atılır. Düşünürəm ki, sərt qadağalardansa, məhz bu cür zəruri addımların olması daha məqsədəuyğundur”.
Ekspert həmin addımlara misal olaraq buraxılış siniflərində Azərbaycan dili üzrə ayrıca imtahanın verilməsini, Azərbaycan dilində Azərbaycan tarixi fənninin tədrisini göstərib: "Artıq demək olar ki, bütün rusdilli bölmələrdə bu qərar icra olunmaqdadır. Məsələ, istər rus, istərsə də hər hansı dil üzrə tədris almaq deyil. Əsas məsələ tədris aldığın dildən asılı olmayaraq öz ana dilinə olan münasibətinin qorunub saxlanmasıdır”.
Elmin Nurizadə belə bir təklif də irəli sürüb. O deyib ki, gələcəkdə rus bölmələrində Azərbaycan ədəbiyyatı, eləcə də digər dərsdənkənar predmetlərin, ana dilində tədrisi heç də pis olmazdı. Sərt qadağalardansa, məhz bu cür səmərəli və humanist addımların atılması daha doğru yanaşmadır.


Şərhlər
Hər zaman çıxış yolu var.Əgər istək olarsa.
Cox sade rus dilinde tehsil diger dillerde oldugu kimi odenisli olmalidi ingilis dilinden ne ferqi var bizim ucun
Hörmətli Azpolitika, bu eksperti hardan tapmısınızsa aparıb orada da tərk edin.Bizim kəndin naxırçısı Gördümoğlan bundan iki dəfə artıq ekspertlik edə bilərdi..Dil əldən gedir ekspertiniz millətə deyir ki, kiriyin, olan şeydir.Ttolerant yanaşın. .Ruslardan ayıbdır. Bunun özünə heç sual edən olmamışdı ki, ay ekspert hələ bir de görək sən özün türksən ya yox? Daxilimizdə o qədər dilimizin sıxışdırılmasını arzuylayıb üzümüzə gülənlər var ki.
Ana dilinə münasibətdə, ən pis vəziyyət bizdədir. Belə ki, hələ sovet dönəmində Bakıda öz ana dilində danışanlara, xüsusilə bölgələrdən gələnlərə "çuşkə" deyərək təhqir-lağ edirdilər. 2-cisi Gürcüstan, ermənistan, Pribaltika respublikaları və bir qədər də Ukraynada rus dilinə qarşı antipatiya vardı. Rus dilinə "məhəbbət, sevgi" Azərbaycanla yanaşı, qazaxıstan və Orta Asiya respublikalarında idi. 3-cüsü Ana dilində tam, sərbəst danışa bilməyənləri yüksək vəzifələrə təyin etməsələr vəziyyət bu qədər acınacağlı olmaz. Məsələn, Elmar Məmmədyarov kimi ana dilində "gücənərək" danışanlar və s...