Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidirlər.


Şərhlər
Ehtiyat edirəm ki, bu Dövlət Proqramını da Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında təsdiq olunmuş Dövlət Proqramının aqibəti gözləsin. Dövlət Proqramının məramı çox gözlədir. Bir vətəndaş, sürücü kimi irad və təkliflərimi bildirmək istərdim. Belə ki, Proqramda (5-ci səhifədə) qeyd edilir ki, Bakı şəhərində olan avtomobil yollarında 163 ədəd yeraltı və yerüstü piyada keçidi tikilmişdir. Daha sonra 10-cu səhifədə qeyd edilir ki, son 20 il ərzində Bakı şəhərində piyadalaşma təşəbbüslərinə dəstək olaraq 126 ədəd yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Proqramda belə anlaşılmazlıq yolverilməzdir. Bundan əlavə Proqramda elə terminlərdən istifadə olunur ki, nə “Avtomobil yolları haqqında”, nə “Nəqliyyat vasitələri haqqında” Qanunlarda bu terminlərin anlayışı verilməmişdir. Allah Üzeyir bəyə rəhmət eləsin, “O olmasın, bu olsun” bədii filmində Məşədi İbad deyir tarixi Nadiri yarıya qədər oxumuşam amma bunun nə dediyini anlamıram. Belə təsəvvür yaranır ki, Proqram hazırlanarkən ya Avropa ölkələrinin hansısa ölkəsinin və da ABŞ-ın hansısa ştatının qanunu eybəcər şəkildə ana dilimizə tərcümə olunmuşdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda göstərilmişdir ki, qanunun dili aydın olmalıdır. Proqramın dili elə qəliz yazılmışdır ki, onu anlamaq üçün xüsusi bilik və qabiliyyət tələb olunur. Görünür Proqramı ya İqtisadiyyat nazirliyinin ya da Rəqəmsal və Nəqliyyat Nazirliyinin hansısa qurumu hazırlamışlar. Görünür ki, müəlliflər həddindən artıq canfəşanlıq etmişlər. Proqramın 15 səhifəsi söz yığnağından ibarətdir. Bir şeyi anlamaq lazımdır ki, ölkə başçısı birincisi, hüquqşünas deyil, ikincisi, onun hər Qanunu oxumağa vaxtı yoxdur. Belə olduğu halda bu qədər sayda dövlət qulluqçularını saxlamağa nə ehtiyac? Ən azından ayıbdır. Oxucularımızdan bu Proqrama münasibət bildirmələrini xahiş edərdim, çünki bu sənəd hər birimizin hüquqlarına toxunur.