ABŞ Prezidenti Donald Trampın Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışıqları, daha sonra bu danışıqlara dair açıqlamaları hər nə qədər gözlənilən idisə, bir o qədər də gözlənilməz oldu. Bu, ilk növbədə özünü Trampın Putini öz ölkəsinə dəvət etməsinə (eynilə də Putin onu Moskvaya dəvət edib), eləcə də Rusiya başçısının ünvanına həddindən artıq xoş sözlər söyləməsində göstərdi.
Trampın açıqlamalarında Rusiya və Putin qətiyyən faktiki işğalçı və yüz minlərlə insanın ölümünə, milyonlarla ukraynalının qaçqın, didərgin düşməsinə, bütün dünyada böhrana səbəb olan tərəf kimi deyil, “layiqli tərəfdaş” kimi təqdim olunur…
Ancaq hər halda, bir ABŞ Prezidenti olaraq bu ritorikanı özünə və ölkəsinə yaraşdıran Tramp Ukraynada müharibəni bitirəcəyinə, ehtiyatlı da olsa, əminlik ifadə edir. Belə ki, Ağ Evin indiki sahibinin Putinlə telefon danışığından sonra dediyinə görə, Ukraynada atəşkəs “çox da uzaq olmayan gələcəkdə” baş verə bilər. Ardınca qeyd edib ki, Putin ona müharibənin həllinin müvəqqəti olmasını istəmədiyini bildirib: “Putin bunun bitməsini və altı ay sonra yenidən başlamasını istəmir. Mən atəşkəs haqqında danışdım ki, ölümlər dayandırılsın. Düşünürəm ki, nə vaxtsa biz barışıq əldə edəcəyik”.
Ağ Ev rəhbəri həmçinin deyib ki, ABŞ maliyyə naziri Kiyevə səfərinin nəticəsi olaraq, Ukraynaya dəstək üçün yatırılan vəsaitlərin geri qaytarılmasına zəmanət verən sənəd gətirməlidir. Yəni, pul birinci yerdə durur…

Tramp əlavə edib ki, Ukraynaya səfər etmək barədə “düşünəcək” və onun Putindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı “çox yaxşı” olub. Eyni zamanda, Tramp Ukraynanı danışıqlar prosesinin tamhüquqlu, bərabər tərəfinin olub-olmadığı barədə suala cavab verməkdən yayınıb. Lakin onun ümumi münasibəti onu deməyə əsas verir ki, ABŞ Prezidentinin bu suala cavabı daha çox mənfidir, nəinki müsbət. Yəni, Ağ Ev Ukraynanın taleyini rəsmi Kiyevin iştirakı olmadan həll etməyə meyllidir. Buna baxmayaraq, Tramp jurnalistlərə cavabında iddia edib ki, Ukrayna tərəfinin, o cümlədən Prezident Volodimir Zelenskinin iştirakı olmadan ABŞ və Rusiya hakimiyyəti arasında birbaşa danışıqlar heç bir təhlükə yaratmır…
Tramp müharibəni bitirmək planını açıqlamaqdan da növbəti dəfə imtina edib, lakin jurnalistləri əmin edib ki, artıq “böyük irəliləyiş” əldə olunub. Bunun özü də Trampın konkret planının olmadığı barədə iddiaları yenə aktuallaşdırıb.
Amerika Prezidenti həmçinin qeyd edib ki, Ukrayna Rusiya tərəfindən tutulan ərazilərin yalnız bir hissəsini geri qaytara bilər. Lakin ABŞ Prezidenti bununla bağlı konkret əminlik ifadə etməyib və söhbətin hansı ərazilərdən getdiyini açıqlamayıb.
Xatırladaq ki, həm Dmitri Peskov, həm Mariya Zaxarova, həm də Dmitri Medvedev Ukraynanın nəzarətindəki Kursk vilayəti ərazilərinin işğal edilən Ukrayna ərazilərilə mübadiləsi barədə Zelenskinin dediklərini qətiyyətlə rədd ediblər. Kremlin birbaşa sözçüləri olan bu şəxslər belə bir “dəyiş-döyüşü” birmənalı olaraq istisna etməklə, danışıqlarda ərazi mübadiləsinin olmayacağına işarə ediblər.
Bu isə Ukrayna tərəfini çətin vəziyyətdə qoyur. Bu səbəbdən artıq bəzi şərhçilər Kurskun işğal olunmuş Ukrayna ərazilərilə deyil, Rusiyanın gedə biləcəyi hansısa digər güzəştlərlə dəyişdirilə biləcəyini qeyd edirlər. Ancaq bunu Ukrayna cəmiyyətinə izah və qəbul etdirmək çətin, bəlkə də mümkünsüz olacaq. İstənilən halda, ərazi mübadiləsi olmayacağı təqdirdə bu, Ukrayna cəmiyyətində Kurskda verilən itkilərin mənasız olduğuna dair təsəvvür yaradacaq və bu variant Zelenski hakimiyyəti üçün ağır zərbə olacaq.

Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında onu da deyib ki, o, Ukraynanın NATO-ya üzvlüyünü “praktik” hesab etmir. Tramp bu barədə Pentaqonun yeni rəhbəri Pit Heqsetin mövqeyini dəstəkləyib: “Mən onunla razıyam. Bunun praktik olduğunu düşünmürəm”.
Beləliklə, Ukraynanın yaxın gələcəkdə NATO perspektivinin üzərindən xətt çəkən Tramp işğal olunmuş ərazilərin də qaytarılmayacağını bəyan edir. Əvəzində təklif etdiyi atəşin dayandırılması, ABŞ-nin xərclədiyi pullara Ukraynanın təbii sərvətləri formasında 500 milyard dollarlıq(?) zəmanət alınması, Ukraynanın gələcək təhlükəsizliyi və bərpası üçün əsas yükün Avropanın üzərinə atılması və sairdir. Ancaq hətta bu şərtlər daxilində belə müharibənin nə zaman dayanacağı və dayanıqlı sülhün nə vaxt əldə ediləcəyi barədə sual açıq qalır. Buna baxmayaraq, dayanıqlı sülh olmasa da, hər halda, atəşkəsə doğru irəliləyişin olduğuna dair işarələri görmək olar…
Bu arada Trampın son bəyanatlarına münasibət bildirən tanınmış rusiyalı politoloq Dmitri Oreşkin maraqlı fikir söyləyib. O deyib ki, savaşda atəşkəs əldə edilməsi labüddür, tərəflər əsl mənada “dirənib”: “Müharibə boğulur və ət maşını dayandırılacaq”.
Trampın Putinə zəngi və onu “izqoy” vəziyyətindən çıxararaq, yenidən əl sıxılan hala gətirməsi isə əslində, Putinə atılan “xilasedici halqa” oldu…
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Sonuncu dəfə.
Hörmətli Cəmşid Dərələyəzli, Sizizn də analizinizə də hörmətlə yanaşıram, Cəlal Məmmədovu daim izləyirəm və o qənaətə gəlmişəm ki, onun analitik qabiliyyəti çox yüksək səviyyədədir. Onun yazıları özünü politoloq sayan bir çoxlarından fərqlidir. Cəlal Məmmədovun “Trampın Putinə zəngi və onu “izqoy” vəziyyətindən çıxararaq, yenidən əl sıxılan hala gətirməsi isə əslində, Putinə atılan “xilasedici halqa” oldu…” çox düzgün və ağıllı nəticədir. Belə ki, bütün Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə sanksiya verir, Tramp isə birinci president seçkisində (bütün dünya özünü cırırdı ki, Rusiya bu seçkiyə müdaxilə edib, Hillari Klinton daha üstün mövqeyə malik olmasına baxmayaraq) nəticədə Tramp “qalib gəldi”. Tramp-Putin bağlılığına aydınlıq gətirmək və bununla bağlı fikirlərimi əsaslandırmaq üçün əvvəl dərc olmayan şərhimi bura əlavə edirəm. Ondan başlayaq ki, bu hər iki subyekt bir bezin qırağıdır. Putinin mətbuat katibi Peskov inkar etməsinə baxmayaraq Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff narkotiklə bağlı Rusiya məhkəməsi tərəfindən 14 il cəzaya məhkum edilmiş Mark Fogeli (bilmirəm bu subyekt hansı əhəmiyyətə, dəyərə malikdir ki, xüsusi nümayəndə ümumi razılığa əsasən onu həbsdən azad etdirib ABŞ-a aparır və Tramp Fogeli xüsusi təmtəraqla qəbul edir və bunu Euronews kanalı yayımlayır, bildiyim qədər Amerikada həbsdə olan rus agenti ilə dəyişdiriblər) cəzadan azad etdirir. Belə çıxır ki, həqiqətən Trampın birinci seçki kampaniyasında Rusiyanın bu işdə barmağı olub və Tramp haradasa Putinə borcludur. Rus dilində Trampa aid olan bir söz var – непредсказуемый человек. Bu sözün lüğətdə tərcüməsini tapa bilmədim. Bir daha təkrar edirəm, bu cənabın amalı, əqidəsi dollardır. Yatanda da yuxusuna dollar girir, bu adam biznesmendir. Ukrayna onun üçün bir qoz qabığı da deyil. Ukraynanın rəhbərləri sadəcə olaraq ABŞ-ın, Avropanın şirin vədlərinə aldanaraq bu sonu bitməyən oyuna qoşuldular. Özünüz analiz edin. Bu gün Ukrayna təkcə özünü deyil ABŞ-ı və Qərbi müdafiə edir. Müharibənin nəticəsi təxminən aydındır. Müharibə getdiyi ərəfədə Tramp Ukraynaya verilən yardımın (500 milyard ABŞ dolları) qaytarılması məsələsini gündəmə gətirir. Necə deyərlər keçi can hayındadır, qəssab piy axtarır. Bayden nə qədər ağıldan o məsələ olsa idi belə Ukraynanı fakt qarşısında qoymamışdır. Heç vor zakon da özünü belə aparmır. Yenə deyirəm, bu insanın amalı, Allahı puldur. Ukraynaya dəstək üçün yatırılan vəsaitlərin geri qaytarılmasına zəmanət verən sənədi almaq üçün ABŞ maliyyə nazirini Kiyevə göndərir. Cənab Tramp bilməmiş deyil ki, ekspertlərin hesablamalarına görə Ukraynanın nadir mineral ehtiyatlarının ümumu dəyəri 13 trilyondan 50 trilyon dollar civarındadır. Sən müharibəni dayandır, heç olmasa atəşkəs elan olsun, sonra yenə verdiyin yardımı tələb elə. Trampın Ukraynada atəşkəs “çox da uzaq olmayan gələcəkdə” baş verə bilər fikri də birmənalı başa düşülmür. Çox da uzaq olmayan gələcək dedikdə ABŞ Prezidenti hansı müddəti nəzərdə tutur? Daha sonra, nə qədər insafsız, qansız olasan ki, Qəzza zolağında yaşayanları (onların da bir adamlığı yoxdur) yurd-yuvasından didərgin salıb həmin ərazidə “cənnət” yaratmaq fikrinə düşəsən. Putinə, Netanyahuya qarşı cinayət işi qaldıran Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına hörmətsizliklə yanaşaraq bu qərarları şübhə altına alasan. Netanyahunu başa düşdük, deməli Putini məsuliyyətdən yayındırmaq niyyəti var. İlham Əliyevin apardığı siyasət bəyəniləndir, təqdirə layiqdir, çünki bu iki dövlətlə konfrontasiyaya girmək, boş əllə tankın üstünə getmək kimi bir şeydir.
P.S. Hörmətli Azpolitika, əvvəllər də qeyd etmişdim, bir daha təkrar edirəm, əgər bizim fikirlər Sizin üçün maraqsızdırsa sadəcə olaraq bildirin ki, biz də dəyərli vaxtımızı boş-boş şeylərə sərf etməyək. Bu Sizə daha çox hörmət gətirər.
PUTIN FAŞISTDIR.....RUSIYANIN ÇÖKMESINE BIR ŞEY QALMAMIŞDI......KURSK... ŞIMALI KOREYANIN CANLI QÙVVESI...IRAN ISTEHSALI RAKETLER BUNA SŪBUTDUR......TRAMP QORXAQDIR....ONU ANCAQ DAR ANLAMDA ABŞ MARAQLANDIRIR...MŪTTEFIQI AVROPANI SATDI....PUTIN DAHADA AZGINLAŞACAQ.....AZERBAYCAN IIRAN VE RUSIYA ARASINDA MENGENEYE DŪŞECEK...........
Müəlif bu yazısında hər şeyi çılpaqlığı ilə söyləyir və sonda da deyir ki Trampın Putinə zəngi və onu “izqoy” vəziyyətindən çıxararaq, yenidən əl sıxılan hala gətirməsi isə əslində, Putinə atılan “xilasedici halqa” oldu”. Əslində yazının sonunu bu fikirlərlə tamamlaması müəlifin öz dediklərini dolayısı ilə sadəcə bir halqadan ibarət olması qənaətinə gəlməsi mənasına gətirdi. Tram ağıllı bir adamdır. O Co Bayden kimi, yel beyin deyil. Tram Rusiya Ukrayna müharibəsinin sonunun daha böyük fəlakətlərə yol açacağını bildiyi üçün bu addımı atdı. Hansı ki, Tramp gördü ki, çoxlarının dediyinin əksinə olaraq, Rusiya heç də zəif deyil və demək olar ki, o 3 ildir Ukraynada Amerika başda olmaqla 59 Qərb ölkəsinə qarşı tə başına dirəniş göstərdi. Bu isə dolayısı ilə həmin Qərbi iqtisadi cəhətdən həm tükəndirir və həm də yorur. Hansı ki Rusiya Ukrayna müharibəsi yenicə başlayanda sayın Erdoğan da “təssüf ki, Qərb Rusiyanın gücünü çox hafifə aldı” demişdir. Tramp da biznesmen adamdır və hər bir sentinin qədrini bilir. Məhz bu baxımdan Ukraynaya veriləni nə iləsə əvəz edib 500 milyardı geri qaytarmaq şərtini qoydu. Ona görə də hər bir dövlət, xüsusən də zəif və inkişaf etməkdə olan ölkələr öz xarici siyasətlərində, qolballaşan dünyada güc mərkəzlərinin göopolitik maraqlarını göz ardı etməməlidirlər. Edərlərsə əgər, bu düpbə-düz intihara cəhddir. Sonda onu qeyd edim ki, bu fikirlər bəzilərinin düşündüyü kimi, kimnsə tərəfindən çıxış etmək mənasına gəlmir. Sadəcə dünyada, xüsusən də Rusiya Ukrayna müharibəsindən və Orta Doğudakı HAMAS, Hizbullah və İsrail qarşıdurmasından gəlinən şəxsi düşüncənin nəticədir.
Mence Putin ölke başçısı kimi en iyrenc başçılar -Stslin,Hitler kimi Canilerle ,insan Celladları ile birlikde lenetle yad edilecekdir.