ABŞ Prezidenti Donald Tramp Rusiya başçısı Vladimir Putinlə müharibəni bitirmək üçün apardığı telefon danışığına rəğmən Ukraynaya yardımı davam etdirəcəyini deyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, jurnalistlərin suallarına cavab verən Tramp Ukraynaya yardım edəcəyini bildirib: “Əks halda Putin qalib gəldiyini düşünəcək. Biz bunu(Ukraynaya yardımı) nə qədər lazımdırsa, edəcəyik, çünki başqa bir şeyin olmasını istəmirik, lakin Putin hazırda sülh istəyir”.
Tramp Putinlə görüşün vaxtının hələ müəyyən edilmədiyini, lakin görüşlərin “həm burada, həm də orada” keçiriləcəyini bildirib: “İlk danışıqlar yəqin ki, çox da uzaq olmayan gələcəkdə Səudiyyə Ərəbistanında baş tutacaq. Biz ilk dəfə Səudiyyə Ərəbistanında görüşəcəyik, görək bir şey edə biləcəyikmi. Amma biz bu müharibəni bitirmək istəyirik. Bu müharibə fəlakətdir, həqiqətən də dəhşətlidir".
Bu baxımdan o, Zelenski və Putini dinlədikdən sonra hər ikisinin müharibənin uzunmüddətli sülhlə bitməsini və sonradan davam etməməsini istədiyi qənaətinə gəldiyini deyib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirak edib-etməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Əvvəlcə ilk görüşü keçirəcəyik. Sonra ikinci görüşlə bağlı nə edə biləcəyimizi görəcəyik".
Tramp əlavə edib ki, o, Zelenskinin danışıqlar prosesində iştirakını görür, lakin eyham vurub ki, bu, hər zaman belə olmayacaq, çünki Ukraynada seçkilər keçirilməli olacaq.
“Hansısa mərhələdə seçki də keçirilməlidir”, - Tramp əlavə edib.
O, Ukraynanın sülh müqaviləsi bağlamağa borclu olduğu və ümumiyyətlə Rusiya Federasiyası ilə müharibəyə girməməli olduğu fikrini bir daha təkrar edib: "Onlar sülh bağlamalıdırlar. Onların insanlarını öldürürlər, onlar sülh bağlamalıdırlar".
"Ukraynanın öz ərazilərini verməli olub-olmayacağı" sualına Tramp belə cavab verib: "Onlar etməli olduqlarını edəcəklər ".
O, həmçinin əlavə edib ki, hazırda Kiyevə səfəri nəzərdə tutulmayıb, lakin dəvət olunsa, bu haqda düşünərdi: "Getmək barədə düşünərdim, problem yoxdur".
“AzPolitika.info”


Şərhlər