Ukrayna Prezidenti Volodimir Zelenski “FoxNews” telekanalına müsahibə verib və Ağ Evin Oval kabinetində ABŞ Prezidenti Donald Trampla baş verən qızğın söhbətlə bağlı aparıcının suallarını cavablandırıb.
Aparıcı Zelenskinin söhbətdəki gərginliyə görə üzr istəməyə hazır olub-olmadığını soruşduqda, Ukrayna Prezidenti həm Trampa, həm də bütün Amerika xalqına hörmət etdiyini bildirib. O, vurğulayıb ki, bəlkə də hər iki tərəf bir-birinin mövqeyini daha yaxşı başa düşə bilməsi üçün belə bir “açıq və səmimi söhbət” daha əvvəl keçirilməli idi.
Telekanala müsahibəsi zamanı Zelenski bir neçə dəfə təkrar edib ki, Trampla söhbəti hər iki tərəf üçün “xoş” adlandırmaq olmaz, lakin reallığı etiraf etmək lazımdır: nə dövlət başçısı kimi onun özü, nə də həmvətənləri Ukraynanın bütün bəlalarından və əziyyətlərindən sonra Putinə münasibətini dəyişə bilməz. O, təkrarlayıb ki, müharibə “iki ölkə arasında” başlamadı, rus qoşunları Ukraynaya soxularaq onun ərazisinin bir hissəsini işğal etdikdən sonra başladı.
“Biz sülh istəyirik, diplomatiya istəyirik. Bizə ədalətli və davamlı sülh lazımdır. Amma bunun baş verməsi üçün biz güclü mövqedə olmalıyıq. Bunun üçün müttəfiqimizin bizim tərəfimizdə olmasının aydın təsdiqinə ehtiyacımız var”.
Növbəti sualı verən aparıcı Trampın ABŞ Prezidentinin Florida ştatındakı iqamətgahına uçmazdan əvvəl Ağ Evdəki görüşdən sonra verdiyi şərhin videosunu nümayiş etdirib. Zelenski ilə bağlı bu sözləri səslənirib: “O, döyüşmək, döyüşmək və döyüşmək istəyir”.
Ukrayna lideri sonda vurğulayıb: "Biz döyüşməyi hər şeydən çox istəmirik. Mən vətəndaşlarımıza, döyüşçülərimizə hörmət edirəm. Ona görə də Ukraynanın nə vaxt və hansı təhlükəsizlik zəmanəti alacağı barədə dəqiq məlumat olmadan onlara qayıda bilmərəm".
“AzPolitika.info”


Şərhlər