Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunu 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib.
"Fondun fəaliyyəti dövründə neft-qaz sazişlərindən əldə olunan ümumi gəlirlər 192,4 milyard ABŞ dolları (bütün gəlirlərin 92,8 %-i), investisiya gəlirləri isə 14,9 milyard ABŞ dolları (7,2 %) təşkil edib", - o qeyd edib.
Onun sözlərinə görə, fondun ümumi xərcləri 147,3 milyard ABŞ dolları təşkil edib.
Bu məbləğdən 132,6 milyard ABŞ dolları (bütün xərclərin 90 %-i) dövlət büdcəsinə transfertlərin payına düşüb. 11,9 milyard ABŞ dolları (8,1 %-i) layihələrin maliyyələşdirilməsinə, 2,3 milyard ABŞ dolları (1,6 %) büdcədənkənar xərclərə, 0,47 milyard ABŞ dolları (0,3 %) isə əməliyyat xərclərinə yönəldilib.
1999-cu ildə yaradılmış fondda neft-qaz müqavilələrinin həyata keçirilməsindən əldə olunan gəlirlər toplanır. 31 dekabr 2024-cü il tarixinə ARDNF-in aktivləri 60,031 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.


Şərhlər
Hörmətli Report, dəyərli AzPolitika ARDNŞın 2024 hesabatından xəbərdə, xərclərindən 132,6 mlrd ABŞ dollarını Dövlət büdcəsinə transferi göstərilir. Dövlət büdcəsi və Nazirlər Kabinetinin ölkə daxili texniki-istehsallar quruculuğunun məbləği nə qədərdi ki?