Menu

Ağadadaş Ağayevə hökm oxunub

06.03.2025, 12:09
Ağadadaş Ağayevə hökm oxunub

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin "MedEra" hospitala, eləcə də hospitalın xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Şərhlər

ƏNHU 2025-03-07 00:07:25

Bəs arada qalıb qılçası qırılan yetimin işi necə oldu? O, kiminsənin
yadına düşdümü? Yoxsa, ona- əşşi yetimə-yesirə nə olrsa olsun hökmü çıxarıldı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol