Menu

“Putinin cavabı Trampı çətin vəziyyətə salıb” - “Bu, onun əsas planını təhlükəyə atacaq”

14.03.2025, 10:16
“Putinin cavabı Trampı çətin vəziyyətə salıb” - “Bu, onun əsas planını təhlükəyə atacaq”

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında atəşkəs razılaşmasına son dərəcə yaxındır. Lakin hər şey Rusiya lideri Vladimir Putindən asılıdır və o, hazırda əks istiqamətə meyl edir.

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”(WSJ) -da Ukraynada 30 günlük atəşkəs təklifi ətrafında yaranmış vəziyyətlə bağlı dərc edilən məqalədə belə deyilir.

WSJ yazır ki, Putinin atəşkəs təklifinə cavabı Trampı çətin vəziyyətə salıb və bu vəziyyətin yaranmasının əsas səbəbkarı da məhz Trampın özüdür. Çünki Putinin sülh istədiyini iddia edən və Kiyevə 30 günlük atəşkəslə bağlı təzyiq edən Tramp olub. İndi isə Kreml plandan imtina edəcəyi təqdirdə Tramp Moskvaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı vədini yerinə yetirməli olacaq: “Ancaq Moskvanı cəzalandırmaq, onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq kimi daha böyük məqsədini təhlükə altına alaraq, onsuz da çətin olan razılaşma yolunda başqa bir maneə yarada bilər”.

Qəzet yazır ki, Trampın məqsədinə nail olub-olmaması onun və müşavirlərinin Moskva ilə necə danışıqlar aparmasından asılıdır. Rusiya rəsmiləri atəşkəsi qəti şəkildə rədd etməyərək, əvəzində müharibəni bitirmək üçün danışıqlara başlamazdan əvvəl güzəşt tələb edə və Trampa daha çox təzyiq göstərə bilər.

Yazıda qeyd olunduğu kimi, əsas sual budur ki, Putin Trampın iddia etdiyi kimi sülhə sadiqdirmi? Əgər deyilsə, Rusiyaya təzyiq üçün Trampın Ukrayna və Avropa hökumətlərinin dəstəyinə ciddi ehtiyacı yaranacaq. Eyni zamanda, WSJ qeyd edir ki, Tramp öz instinktləri ilə hərəkət edir və başqalarının fikirlərinə az əhəmiyyət verir.

Bununla belə, bir çox analitiklər Putinin son nəticədə bu və ya hər hansı digər təklifə imza atacağına şübhə ilə yanaşır. Trampın Senatdakı ən yaxın adamı olan senator Lindsi Qrem çərşənbə günü X internet saytında yazıb: “Rusiyanın atəşkəsə razı olacağına son dərəcə şübhə ilə yanaşıram və onların bu müharibəni bitirmək istəməsinə çox şübhə edirəm”.

O, həmçinin deyib ki, yaxın zamanda Kremlə qarşı sarsıdıcı sanksiyalar və tariflər tətbiq edilə bilər.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol