Gözlənildiyi kimi, Vladimir Putin Donald Tramp administrasiyasının təklif etdiyi və Ukraynanın razılaşdığı 30 günlük atəşkəs təklifini birmənalı şəkildə rədd etmədi. Ancaq onu birmənalı qəbul da etmədi. Yəni, Putinin cavabı nə “hə kimi hə, nə də yox kimi yox” oldu...
Putinin Trampın ünvanına minnətdarlıqlar, təriflər söyləyəndən sonra ortaya qoyduğu mövqeyini onun bir cümləsilə ifadə etmək olar: “Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, amma biz ondan çıxış edirik ki, bu dayandırma elə olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini(!) aradan qaldırsın”. Putinin “amma”-sı, yəni, 3 ildən çoxdur bütün dünyanın zəhləsini tökmüş “ilkin səbəbləri”, yəni, şərtləri hamıya yaxşı məlumdur. Bu şərtlərə Ukraynanın tam silahsızlaşdırılması da daxil olmaqla, faktiki olaraq öz suverenliyindən imtina etməsi və s. ilə yanaşı, NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasına qədər çoxsaylı, yerinə yetirilməsi mümkünsüz olan məsələlər daxildir. Qəbul edilməsi istisna edilən şərtləri təkrarlamaq isə elə “yox” cavabına bərabərdir...
Putin, həmçinin, cənhədəki vəziyyət barədə danışarkən, Rusiyanın tam üstünlüyə malik olduğunu qeyd edərək, indiki şəraitdə atəşkəsə getməyin Moskvaya sərf etmədiyinə eyham vurub. İddia edib ki, Kurskda çoxlu sayda ukraynalı hərbçi mühasirədədir və digər cəbhələrdə də guya Rusiya durmadan irəliləyir. Ancaq necə durmadan irəliləyirsə, rus ordusu yüz minlərlə itkilərə rəğmən 3 ildir heç cür Donetsk vilayətinin düzlərindən və bataqlıqlarından çıxa bilmir...
Putin, hətta atəşkəsə nail olunsa belə, texniki bəhanələr gətirərək, ona əməl edilməsinin mümkünsüz olduğuna da işarə edib.

Tanınmış almaniyalı hərbi analitik, “Bild” nəşrinin eksperti Julian Röpke Putinin bu çıxışına maraqlı şərh verib. Kifayət qədər məlumatlı və ciddi mənbələrə sahib olan ekspert kimi tanınan Röpke qeyd edib ki, Putinin guya Kurskda böyük sayda Ukrayna hərbçisinin mühasirəyə düşdüyü barədə dedikləri tamamilə yalandır. O deyib ki, müəyyən sayda itkilər, əsir düşənlər olsa da, Ukraynanın döyüş qabiliyyətli bölmələrinin “99 faizi Kurskdan sağ-salamat çıxarılıb”: “Bəli, Kurskdakı ərazinin böyük hissəsi azad edilib. Orada ukraynalılar yarımmühasirədə idilər. Ora Rusiya ərazisi idi. Lakin Pokrovskda, Slavyansk bölgəsində, Kramatorskda baş verənlərə baxsanız, mən indi yalnız Donetsk vilayətindən danışıram, hətta Xerson vilayətini demirəm - Putinin bu bölgələrin ərazisini tamamilə ələ keçirmək imkanı yoxdur. Məsələn, son məlumata görə, Pokrovsk istiqamətindəki Şevçenko qəsəbəsi ruslardan geri alınıb. Orada Rusiya irəliləmir, əksinə, geriləyir. Putin özünü hansı yerə qoyur? Onun vəziyyəti, mövqeyi özünün düşündüyü və televiziyada göstərdiyi kimi güclü deyil. Ümumi vəziyyətə baxsaq, Putinin Ukraynadan tələbləri mövcud reallıqla müqayisədə ağlasığmazdır”.
Putinin atəşkəs təklifinə cavabına qayıtsaq, belə bir anlayış var ki, istənilən fikirdə əsas söz “amma”-dan sonra gəlir. “Amma”-ya qədər deyilənlər isə “prelyudiya”dır və bunları kənara atmaq olar. Putin də “amma”-ya qədər Trampın ünvanına tərif və minətdarlıqlar yağdırsa da, atəşkəsin “düzgün təklif” olduğunu bildirsə də, sonda irəli sürdüyü şərtlərlə faktiki oaraq “yox” cavabını vermiş oldu.

İndi qalır Trampın atacağı addımlar. Vaxt isə daralır və yaxın 1-2 həftə ərzində atəşkəsə nail olunmasa, Trampın bu münaqişə ilə bağlı hər hansı bir ciddi planının olmadığı, bütün digər vədləri kimi, Ukrayna müharibəsini dayandıra biləcəyinə dair vədinin də “sabun köpüyü” olduğu tam aydınlaşacaq...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Putinin Rusiya Təhlükəsizlik Şurasının son iclasında dediyi fikirlər almaniyalı hərbi analitik, “Bild” nəşrinin eksperti Julian Röpkenin fikirləri tamamilə ziddiyət təşkil edir. Belə ki, Putin iddia edib ki, Kurskda çoxlu sayda ukraynalı hərbçi mühasirədədir və digər cəbhələrdə də guya Rusiya durmadan irəliləyir. Əgər ukrayna hərbiçiləri təslim olmasalar, onlar məhv ediləcəklər. Julian Röpken isə qeyd edir ki, müəyyən sayda itkilər, əsir düşənlər olsa da, Ukraynanın döyüş qabiliyyətli bölmələrinin “99 faizi Kurskdan sağ-salamat çıxarılıb”: Daha sonra o, davam edir: “Bəli, Kurskdakı ərazinin böyük hissəsi azad edilib. Orada ukraynalılar yarımmühasirədə idilər. Ora Rusiya ərazisi idi. Lakin Pokrovskda, Slavyansk bölgəsində, Kramatorskda baş verənlərə baxsanız, mən indi yalnız Donetsk vilayətindən danışıram, hətta Xerson vilayətini demirəm - Putinin bu bölgələrin ərazisini tamamilə ələ keçirmək imkanı yoxdur. Ziddiyətli fikirlərə fikir verdinizmi? Rusiyanın müharibə ilə bağlı dezinformasiya xarakterli müharibəsi onun televiziya kanallarında geniş vüsət alır. Hökumət Skabeyeva, Solovyov, Marqarita Simonyan kimi agentləri işə götürür və onları sözdə təbliğat işləri aparmağa təşviq edir, bu “qəhrəmanlar” da telekanalizasiya vasitələri ilə suyu bulandırmaqla məşğuldurlar. Belə yaramaz fəaliyyətləri ilə bu nadanlar milyonlar, milyardlara sahib olublar. Bunları anladıq. Xatirinizdədirsə, rəhmətlik Hacıbaba Bağırovun tamaşada bir rolunu: ağ xalatda bir tibb işçisi milçəyi qovmaqla məşğuldur, digər qəhrəman soruşur ki, bu adam nə edir, Hacıbaba müəllim də cavabında deyir, fikir vermə, onun da çörəyi milçəkdən çıxır. Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib ki, Kursk əməliyyatı əsas məqsədinə - Rusiya qoşunlarının əhəmiyyətli hissəsini Pokrovsk, Xarkov və Sumı istiqamətlərindən çıxarmağa nail olub. “Mən yalnız Kursk əməliyyatına görə əsgərlərimizə təşəkkür edə bilərəm. Mən inanıram ki, o, öz tapşırığını yerinə yetirdi" deyə fikrini yekunlaşdırmışdır. Dezinformasiya, yalan fikirlər hansısa dövlət başçısının (Putin nəzərdə tutulur) dilindən çıxırsa, buna feyk prezident deməyə haqqımız çatır. Belə fikirlər bütün müharibələrdə aktual olaraq bu gün də yayılmaqdadır. Britaniya siyasətçisi, yazıçısı və ictimai xadimi Artur Ponsonbi ”Müharibə zamanı yalan” kitabında qeyd edir ki, “Yalan, müharibədə məlum və son dərəcə faydalı silahdır və bir çox ölkələr ondan öz xalqını aldatmaq, neytralları cəlb etmək və düşməni çaşdırmaq üçün kifayət qədər qəsdən istifadə edirlər. Cahil və günahsız kütlə aldandıqlarını dərk etmir və yalnız hər şey bitdikdən sonra yalanlar üzə çıxır və ifşa olunur. Hər şey artıq keçmişdə qaldığından və bu və ya digər ifadə sayəsində istənilən effekt əldə olunduğundan, heç kim faktları öyrənmək və həqiqəti müəyyən etmək üçün zəhmət çəkmir”. Bir sözlə, qan və yalan üstündə qurulan dövlətin axırı yoxdur, sadəcə, geci, tezi olur. Tezindən olsun.
Ağıl ve mentiqle meseleye baxılsa Putin kimi bir dövket başçısına ABŞ kimi super dövletin Prezidentinin münasibeti Trampın ciddi bir dövlet xadimi olmasına esaslı şübheler yaradır k bu da dünyanı neler gözlediyinden xeber verir.Bu gün 8 milliard insanın taleyi bşr bşznesmen ve bir yarımçıq NKVD keşfiyyatçısından asılıdır Allah özün saxla bu milletleri.