Dekabrın 17-də prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.
“Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir” deyən İlham Əliyev dekabrın 11-də İtaliyanın “İnter” komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qolun hesaba alınmamasını (Sayılmayan qol) hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini vurğulayıb.
“Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı” deyən dövlət başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla qarşılaşdığını deyib. O qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəni bu yoldan döndərə bilməz.
Klubun adının “Qarabağ” olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən İlham Əliyev əmin olduğunu bildirib ki, gələcəkdə bu komanda xalqı sevindirməkdə davam edəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov, “Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl də görüşdə çıxış ediblər. Dövlət başçısına klubun xatirə hədiyyələri təqdim olunub.
İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü deyib. Xəbəri AzərTAc yayıb.

Şərhlər