Azərbaycanın xaricdəki diplomatik korpusu öz “rəngarəngliyi” ilə seçilir. Burada “elit” ailələrin övladlarından, hansısa xidmətlərinə görə səfir rütbəsilə “mükafatlandırılanlar”dan tutmuş, “sürgünə göndərilənlər”ə, “vurulanlar”a, hətta “yaddan çıxmışlara” qədər kimlər yoxdur…

Elə səfirlərimiz var ki, hələ ötən əsrin 90-cı illərindən bir növ Azərbaycandan uzaqlaşdırılıblar və ötən dövr ərzində bir neçə ölkə dəyişiblər. Bu kateqoriyanın ən parlaq nümunəsi Tamerlan Qarayevdir. 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini postundan və təmsil olunduğu partiyadan istefa verən Qarayev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə göndərilib. 1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olub. 13 dekabr 2018-ci ildə geri çağırılaraq, Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu gün də həmin postdadır. Bu, üst-üstə 32 il(!) deməkdir…

Belə demək mümkünsə, “gedib-gələn”, yaxud iri məmur ikən “vurulan” səfirlərimiz də az deyil. Məsələn, 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri vəzifəsində çalışmış Ramiz Həsənov geri çağırılaraq, 14 dekabr 2005-ci ildə yüksək vəzifəyə - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdu. Bu, təbii ki, ciddi karyera sıçrayışı idi. Beləliklə də, Həsənov 2018-ci ilə qədər Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. 15 may 2018-ci ildə isə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənov 19 aprel 2021-ci ildə vəzifəsindən azad edilərək, elə həmin gün Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Əlbəttə ki, bunu qətiyyən onun əvvəlki vəzifələri ilə müqayisədə “yüksəlmə” hesab etmək olmazdı…

Yaxud, Məhərrəm Əliyev. O, hazırkı səfirlər arasında daha əvvəl məmur kimi ən yüksək postlar tutmuş, nüfuz sahibi olmuş şəxslərdən biri, bəlkə də birincisidir. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək 14 il(!) Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş M.Əliyev 2007-ci ildə gözlənilmədən Tacikistana səfir göndərilib və 2011-ci ilə qədər orada çalışıb. Lakin Prezidentin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib və Bakıya qayıdaraq, 2012–2017-ci illərdə Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. 5 iyun 2017-ci ildə Ədliyyə nazirinin müavini təyin edilib. 2019-cu ilin noyabrında vəzifəsi daha da yüksəldilərək, Prezidentin hərbi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Lakin 9 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb və Dövlət başçısının digər Sərəncamı ilə Belarusa səfir göndərilib.

Yeri gəlmişkən, M.Əliyevin Belarusdakı sələflərindən biri 2016-cı ildən 2021-ci ilə qədər bu ölkədə səfirimiz olmuş Lətif Qəndilovdur. Yaşı 70-ə yaxınlaşan və uzun illər ayrı-ayrı ölkələrdə çalışımış səfirlərdən biri olan L.Qəndilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru olmuş Seyfəddin Qəndilovun oğludur və hazırda ölkəmizin Qırğızıstandakı səfiridir.
Elə həmin Qırğızıstanla sərhəd Özbəkistandakı səfirimiz Hüseyn Quliyev isə ən qocaman səfir sayıla bilər. Yaşı 80-ə çatan Quliyev 13 ildir ki, bu postu tutur…

Əlbəttə ki, səfirliklərimiz belə demək olarsa, elitaya aid ailələrin övladları ilə də “zəngindir”. Buna misal olaraq, sabiq millət vəkili və ADU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovu göstərmək olar. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri olub, 2021-ci idən Estoniyada səfirdir. Mətbuatda bu səfirin İspaniyada şərab biznesilə məşğul olduğu, bu biznesdə iştirak edən atası Abel Məhərrəmovun isə həmin ölkəyə gedən Azərbaycan nümayəndə heyətinin tərkibində içkili vəziyyətdə qalmaqal yaratdığı barədə məlumatlar yayılmışdı. Hətta məhz həmin hadisənin Abel Məhərrəmovun karyerasına son qoyduğu iddia edilirdi…

Yaxud bir müddət əvvəl Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin vəzifəsindən azad olunması barədə xəbərlər yayıldı. İddialara görə, Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov ikinci katib Qafqaz Aslansoyla birlikdə Rəhman Şahhüseynlini döyüblər. XİN də bu məlumatlı dolayısı ilə təsdiqləyərək, döyüldüyü iddia edilən birinci katibi günahkar çıxardı…
Hazırda dünyada elə ölkələr var ki, ayrı-ayrı səfirləri həmin ölkənin XİN başçısından daha nüfuzlu və tanınandır. Azərbaycana gəlincə, bizdə də belə “nümunə” olub, amma təəssüf ki, daha çox neqativ rakursda. Belə ki, Rusiyada Polad Bülbüloğlunu məlum səbəblərdən bizim XİN başçılarından daha çox tanıyıblar. Rusiyadakı həmvətənlərimiz isə daim səfirliyimizin işindən narazılıq bildiriblər. Əvəzində, P.Bülbüloğlu daha çox Kremlin adından Rusiyadakı azərbaycanlılara “Rusiyanın çörəyini yeyirsiniz” deyərək, minnət qoyması və Putinin qarşısında “Podmoskovnıye veçera” oxuması ilə yadda qalıb…

Bütün bunlar onu göstərir ki, xarici diplomatik korpusumuz idealdan çox-çox uzaqdır, əksər səfirlərimiz şəxsi işlərilə, bizneslərilə məşğuldurlar, bir çox səfirliklərimizdəki mühit sağlam deyil və sair.
Əlbəttə ki, fəallığı və peşəkarlığı ilə seçilən Fransadakı səfirimiz Leyla Abdullayeva, 2021-ci ilə qədər ABŞ-də, indi isə İngiltərədə səfirimiz olan Elin Süleymanov, yaxud mətbuatla işləməyi bacaran Rumıniyadakı səfir Qüdsi Osmanov və digərləri kimi səfirlər də var. Lakin ümumi heyətdə belələrinin sayı çox deyil…
“Dünya əvvəlki kimi olmayacaq” ifadəsi getdikcə daha çox aktuallaşır və reallıqda öz təsdiqini tapır. Bu tektonik dəyişikliklər fonunda əlbəttə ki, Azərbaycanın xarici siyasətində heç də sonuncu vintciklər olmayan səfirliklərimiz, xarici diplomatik koprpusumuz da zamanın çağırışlarına uyğunlaşdırılmalıdır. Bu sahədə təcrübə ilə müasirliyin vəhdətini təşkil edə bilən peşəkar diplomatlara, daha çevik diplomatik korpusa ehtiyac var və burada, əlbəttə ki, təkcə yeni səfir təyinatları ilə iş bitmir.
Ümumilikdə diplomatik korpusun “vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr” və digər zümrələrdən formalaşması prinsipinə yenidən baxılmalı, sistemli dəyişikliklər edilməli, onun fəaliyyət sahəsinin, imkanlarının genişlənməsinə önəm verilməlidir. Zaman tələb edir ki, xarici diplomatik korpusumuzun “ağır artilleriyası” sabiq iri məmurlar, elitadakı imkanlı ailələrin özünə dinc və rahat həyat axtaran nümayəndələri yox, müasir dünyagörüşlü, peşəkar və savadlı diplomatlar olsun…
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Tamerlan Qarayevin adı hər zaman tariximizin ən qaranlıq səhifələrində anılıb. Qarakənd faciəsi, Ağdamın işğalı, Natəvan Məmmədovun ölümü kimi
İsveçrədə fuad isgəndərov adlıbir eksklyuziv-elitar bir səfiriniz vardır, həmkarlarınıza çox yaxşı tanışdır onun adı, yaşıda az deyil, tam bu məqalədə adları keçənlərin kateqoriyasına aiddir, bütün parametrləri ilə də onlara uyğun gəlir, elmar mammedyarovun can-bratanlarından biri sayılr, amma nədənsə onun adı burada xatırlanmır,
bunlar day-dayları zəifləmiş qocalardırlar, bir də arxalı qoca səfirlər vardır, onlardan da bəhs etmək gərəkdir, göz-gəzdirsəniz, onları da görərsiniz, qaniçənlikdə, xəyanətkarlıqda, korrupsiyada heç kimdən də geri qalmırlar.
Digər mövzu isə tutduqları postlara layiq olmayan nazir müavinləridirlər, bəs onlar haqda niyə yazmırsınız?
Bu üç-beş qoca səfir-korrupsioner onsuz da nə zamansa gedəcəklər, əsas yeni nəsil yırtıcılardırlar, onları diqqət mərkəzinı gətirmək gərəkdir.
Ölkəmizi Fransada layiqincə təmsil edən,xanım Leyla Abdullayevaya böyük sayğılar! O,çox savadlı,işgüzardır. Oradakı tələbələrimizlə,diğər ölkələrin Fransada səfirləri ilə görüşməyə vaxt tapır,dövlət işlərini şəxsi işlərindən üstün tutur. Səfirimizə can sağlığı və səadət arzu edək.
Əsl savadf kasıb baslaların övladlarındadır, ancaq onlara imkan verilmir ? Dövlət qulluğundan yüksək bal toplayan namizdələr kənarda qalır. ancaq aidiyyatı səlahiyyətli qurumları maqaqlanmırar ki, yüksək bal toplayan namizəd nə üçün kənarda qalır ???
Görəsən, 32 illiyə (bəlkə də ömürlük) səfir göndərilən (yumşaq desəm, sürgün olunan) yurist dərk edir ki, onu doğma Vətənə tamarzı qoyan vertolyotdakıların ruhudur?
Siz bir sual verin Xarici işlər Nazirliyində nə qədər kasıb uşağı işləyir.Hamsı ya biznesmen övladıdır ya Icra hakimi ya da prokuror övladı.Biznesmen isə ilk öncə pulu fikrləşir xalqįmızı dövlətimizi deyil
Əgər ağır artileriyalar manıs.alkoqol alverçisi,cinayət təşkilatçısı (vertilyot məsələsi) ,diplomatik ixtisas və təcrübəsi lmayanlar dırsa onda Azərbaycanın gələcəyi "parlaqdır".XİN-də indiyə qədər və indi nə qədər milli qarışıqlar olub və var?