Donald Tramp bütün dünyanı bir-birinə vurarkən bunun bir ucunun da Azərbaycana dəyəcəyi ehtimalı artır. Azərbaycanda isə tərcümeyi-halında kiçik də olsa Trampın “izi” olan bir sabiq məmur var - Ziya Məmmədov...
Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) keçmiş rəisi, keçmiş nəqliyyat naziri, Rusiyanın Dərbənd şəhərinin fəxri vətəndaşı, ABŞ Prezidenti Donald Trampın tanışı... 73 yaşlı Ziya Məmmədovun 1971-ci ildən başlayan əmək fəaliyyətinin ən önəmli məqamları bunlardır və burada nə qədər qəribə olsa da Trampın adı keçir...
Ziya Məmmədov 2002-ci ildən 2017-ci ilə qədər 15 il müddətində Azərbaycan ən gəlirli qurumlarından biri olan Nəqliyyat Nazirliyinə rəhbərlik edib. Maraqlıdır ki, onun vəzifədən çıxarılması ilə bağlı prezident sərəncamı belə yoxdur. Çünki 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilərək rabitə sektoru ilə birləşdirildi, Ziya müəllim də təqaüdə göndərildi.
Keçmiş nazirin karyerasının 18 ili Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposuna bağlıdır. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu məzunu burada maşinist köməkçisindən başlayıb, rəis müavini, məntəqə rəisliyinə qədər karyera yolu keçib. Daha sonra qurumun Gəncə Lokomotiv deposunun rəisi, 1991–1993-cü illərdə isə Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsinə yükləlib. 1993–1996-cı illərdə ADDY rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib. Prezidentin 31 iyul 1996-cı il tarixli Sərəncamı ilə qurumun rəisi təyin edilib. Beləliklə, Ziya Məmmədovn “qızıl dövrü” bu tarixdən hesablanır.

O, qısa müddətdə məmur korpusunda var-dövləti, dəbdəbəli həyatı, səxavəti ilə fərqləndi və mətbuatın “ulduzlarından” birinə çevrildi. Bu vəifədə 6 il qaldıqdan sonra Z.Məmmədov 2002-ci ilin avqustunda Nəqliyyat naziri təyin edildi. Bu tarixdən 1 il sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və Azərbaycana yavaş-yavaş böyük neft pulları daxil olmağa başladı.
2004-cü ildə Ziya Məmmədovun ilk böyük layihəsi icra olunmağa başladı: 120 kilometrlik Bakı-Ələt-Hacıqabul avtomagistralı o zamana qədər Azərbaycanda mövcud olmayan beynəlxalq standartlara uyğun şəkildə genişləndirildi və yenidən quruldu. On milyonlarla dollar vəsaitin xərcləndiyi yol, sonrakı illərdə bir neçə dəfə əsaslı təmir olunub. Hazırda onun əsas hissəsi yarasız vəziyyətdədir, yolun hər iki istiqamətdə sağ zolağı tamamilə sıradan çıxıb. Mütəxəsssilər bildirirlər ki, yol keyfiyyətsiz inşa olunub, həmçinin normadan artıq yüklənmiş maşınların magistrala daxil olması infrastrukturun məhv olmasına gətirib çıxarıb.

Bakı-Qazax magistralının 80 kilometrlik Hacıqabul-Kürdəmir hissəsi də Ziya Məmmədovun nazir olduğu dövrə istifadəyə verilib. Yenidənqurma layihəsinə 350 milyon manatdan artıq vəsait xərclənib. Magistralın qalan hissəsi də mərhələli şəkildə yenidən qurulub və yüz milyonlarla dövlət vəsaiti və kreditlər hesabına başa gəlib.
Bundan başqa, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, Ələt-Astara dövlət sərhədi avtomobil yolu şəhərlər və rayonlar arası çoxlu sayda yol layihələri icra olunub.
Z.Məmmədovun nazir olduğu dövrdə nəqliyyat sektoru neft gəlirləndən ən böyük pay alan qurum olub. Bu sahəyə ümumilikdə 5 milyard manatdan artıq vəsait yönəldilib.

Ziya Məmmədovun 2008-ci ilin 12 mart tarixində prezidentə məruzəsində böyük pullardan bəhs olunur: “Əgər 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən 50 milyon manat ayrılmışdısa, artıq 2007-ci ildə bu məbləğ 130 milyon manat olmuş, 2008-ci ildə isə 162 milyon manatdır. Yolların, körpülərin, keçidlərin tikilməsi, yenidən qurulması və bərpası üçün milli investisiya qoyuluşunun məbləği 2004-cü ildə 16,3 milyon manat olmuşdusa, 2007-ci ildə bu rəqəm 464 milyon manat təşkil etmiş, 2008-ci ildə isə 522 milyon manat məbləğində təsdiq olunmuşdur. Beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən avtomobil yolları layihələri üzrə 2007-ci ildə 99,3 milyon dollar vəsait cəlb edilmişdir və 2008-ci ildə isə bu vəsaitin 250 milyon dollar olacağı gözlənilir. Əgər 2000-ci illərin əvvəllərində nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumları kiçik vəsaitləri belə çox ehtiyatla ayırırdılarsa, hazırda ən nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən daha sərfəli şərtlərlə təklif olunan investisiyaların məbləği 3 milyard dollardan artıqdır...”

Milyardlıq layihələrdən alınan, çırpışdırılan “otkatlar” hesabına Z.Məmmodv 2005-ci ildə ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olan ZQAN Holdinqi təsis etdi. Oğlu Anar Məmmədov tərəfindən idarə olunan şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərib.
10 may 2013-cü il tarixindən etibarən ZQAN adı dəyişdirilrək “Garant Holing”lə əvəzlənib.
Holdinqin tərkibində bu şirkətlər daxil idi: “Bank of Azerbaijan”, “Qarant Sığorta” ASC, "Garant İnşaat Sənaye" MMC, Garant (Ucar) Aqro ("Mərcan" toyuqları)
“Rixos Quba”, Quba Olimpiya Kompleksi MMC, ZQAN Construction, “Azbentonit”, Goranboy Gips ASC, Göyçay Çınqıl
TranEuroCom Telekommunikasiya, “Delfin Otel”, “Meridian hoteli”, ZQAN Plaza, “Kəhrəba restourants”, “Royal Estate Royal Fakilities Managment” daşınmaz əmlak, “Garant Agricultur Group”, KFC Azərbaycan, M.Trans MMC, “Delfin” MMC, Turbo.az MMC və s.

Məlumdur ki, bu sayda şirkətlərin yaradılması, fəaliyyəti, nəhəng gəlirlərii bilavasitə büdcədən istiqamətləndirilmiş milyonlar hesabına başa gəlib. Anar Məmmədovun biznesdə qaz vurub qazan doldurması onun fitri istedadı, qabiliyyəti ilə bağlı olmayıb. Hər halda, alın təri ilə pul qazanan iş adamları ziyafətlərdə, eyşi-işrət məclislərində milyonları havaya sovurması ilə gündəmə gəlmirlər...

Ziya Məmmədovun biznes imperiyasının aqibəti də digər məmur həmkarlarından fərqli olmadı. Vəzifədən çıxarıldıqdan qısa müddət sonra şirkətlər bir-brinin ardınca bağlandı, yaxud əl dəyişdirdi. Onun topdağıtmaz sərvətinin əhəmiyyətli hissəsi əlindən çıxdı, yalnız oğlu vasitəsi ilə xaricə çıxara bildiyi, Londonda, başqa Avropa paytaxtlarında daşınmaz əmlaka, səhmlərə, biznesə yatırılan milyonlar ona qaldı. Hazırda uzun illərdir ayağı Azərbaycana dəyməyən Anar Məmmədov Britaniyada, ABŞ-də bu vəsaitlər hesabına iş adamı titulu daşıyır.

ABŞ-də Donald Trampın hakimiyyətə qayıtması Məmmədovlar üçün düşərli hadisə sayılır. Çünki o, nazir olduğu dönəmlərdə Trampın franşizini alıb Bakıda onun adına otel inşa etməyə, onunla münasibtlər qurmağa nail olmuşdu. Bu səbəbdən Anar Məmmədov 2016-cı ilin yanvarında Trampın inauqurasiyasına da dəvət almışdı. Amma cəmi 1 il sonra Z.Məmmədovun rəhbərlik etdiyi nazirliyin vəzifəsi ilə birlikdə ləğv edilməsi onun ulduzunun parlamasına imkan vermədi. Özü ilə biznesi də tarixin arxivinə getdi. İndi Ziya Məmmədovun və oğlunun dünya iqtisadiyyatını biri-birinə vuran Trampın yadına düşməsi qətiyyən inandırıcı deyil...

Ziya Məmmədov hazırda gününün çox hissəsini doğulduğu Ucar rayonunun Qızılqumlaq kəndindəki villasında keçirir, ibadətlə məşğul olur, ara-sıra insanları halallığa, dürüstlüyə, mənəvi saflığa çağırır. Büdcədən oğurlanmış pullar hesabına tikilmiş villada oturub bu cür “ağsaqqallıq” etmək mənəvi dəyərlərə, dinə, əxlaqa nə dərəcədə uyğundur?Bunu sabiq nazir özü daha yaxşı bilər yəqin ki...

Ancaq hər halda, varidatının əhəmiyyətli hissəsini qoruya bilən Ziya müəllim ziyanın yarısından qayıtmış kimi görünür. Görək, bir zamanlar ona “körpüdən keçəndə...” məsəlindəki qədər yaxın olan və hazırda dünyanı qarışdıran “dostu” Tramp da ziyanın yarısından qayıda biləcəkmi?
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Yaxşı,Ziyaya ziyanın yarıınan qayıtmaq yaxşıdır deyiriniz.Bəs bu təklifi hökumətə niyə məsləhət görmürsünüz? Axı hökumət xaqın malını başına yığdığı bəzi dələduz məmurların talan etməsinin qarşısını almaq istəmir.Bəs buna nə ad vermək olar?
Suverelik fədailəri belə, nə dayaqqolu, nə bir istinad nöqtəsi aradı, nə də tapdılar? Birindən yardıma, digərinə yaranmağa çalışdılar? Elementar bir Şamaxı yoluna-səhv etmirəmsə, iki məbləği (biri İran yatırımı+öz xərcimizi) kimlər tərtib və ödəyə bilərlər? Xarici sərvət sərmayəçisi adətən dövlət yox, özəl bildirirdi ki sərmayəmizin çoxu nədən xaricə çıxarılır, Azərbaycana gərək deyilmi? Necə GƏRƏKMİŞ!?
Ötən 4 ili insani-ədalət vicdanlı böyük RF və kiçik İsrail vətndaşları da qalan dünya sakinləri kimi Kremlin Ukraynaya qarşı (siyasi ramına yox,) vəhşi-hərbi hücumlarına, eləcə də, İsrailin girdiyi Fələstin və digər ərəb-islam ölkələrinə qarşı vəhşi-hərbi savaşlarına qarşı yeni ABŞ Prezidentindən Azadlıq Nicatı gözləyirdilər? Tərsinə oldu? Yeni lider də, artıq Kreml Hərbinin vəhşi Nəfsinə, Ağ Evin Acgöz-iqtisadi ortaqlığını bəyan edib?
Asifə xitabən: Görünən odur ki, Ziya Məmmədovun adamlarındansan və ya elə Ziyanın özündən. Ziyadan onda da yazılıb, indi də yazılır. O ki, qaldı "siçovul məsələsinə-siçovul Ziya başda olmaqla sizin sülalənizdir. Xalqın milyonların "krisa" kimi yeyən sizlər idiniz. Noldu Yeyəndə ləzzətli idi, indi qusdurulsnda acıdır? Görünür sizlərə hədəfiniz tam bildirilməyib, Trampla görə zühur etmək eşqindəsiniz. Ay siz öləsiniz...
Ziya tərs bir küləyin əsib təsadüfən bu hakimiyyətin içərisinə atdığı biri idi. Ondan lazım olan qədər vəzifədə saxlayıb istifadə etdilər və sonra tualet kağızı kimi atdılar. Əslində Ziya "ac şirin ağzına atılmaq" üçün bəslədilirdi. Ziya səhvə yol verdi və bunu tezləşdirdi... Amerikada Tramp və Rusiyada Abbasovun tırkasına getdi və özünün və ya əyyaş oğlunun prezident olması iddiası yarandı, nəticəsini də gördü... Bunlar nəsillikcə qudurğan, harın, naxələfdirlər... Qardaşları Elton, ildırım Nəriman hamısı belədir. Trampdan ümidlidir. Odur ki, Tramp seçilən kimi anası Qazıqumlaqda dollar paylayıb.. "Bəlkə də qaytardılar""""
Burada qeyd olunan faktlar Azərbaycanın kimlər tərəfindən necə, xalqı ağır vəziiyyətə salmağa yönəlmiş,soyğunçuluq məqsədli idarə olunmasına əyani sübut kimi qəbul edilməlidir.Bunu azəraucan xalqının bu günkü həyat,yaşam mübatizəs,xaricə açınan xalqın vəsaitləri.ölkədə baş verən rüşvət və korrupsiyanın həcmi təsdiqıəyir.Bəs niyə bu jhallara yol verilir?
Düşündürücü məqalədir. Hər şəxsi fərqli qabiliyyətinə görə seçmək faydalı olmazmı? Fəal mühəndis ixtisaslı rəhbəri 2002ci il deyil, elə 1996cı ildən Baş Nazir təyin etmək islahatı ölkə boyu genişləndirərdi? Zaman gözləmir deyirlər. Əsasən Siyasətlə uğraşan dövlət azadlıqdan sonra iqtisadiyyata ciddi çalışır? Ancaq, maliyyə öncəki deyil və iqtisadiyyatı elə bələdiyyə sayı qədər daralmaqdadır?
"ZİYANIN YARISINDAN QAYITMIŞ ZİYA MƏMMƏDOV..."...Deməli, belə bir başlığ qoymusunuz, yazıya, bu nə dərəcədə düzdü??? Deməli, keçmiş nazir və adları korrupsiyada hallanan digər vəzifəlilərin heç biri, ziyanın yarısından qayıtmayıblar. Rəhmətlik metro Tağıya sual verdilər ki, 3 milyon mtn-ə verdiyin pul səndə hardan idi, cavabı 40 ilin ə/haqqımı yığmışdım oldu...eləcə də o biriləri, hərəsi bir bəhanə ilə yaxalarını kənara çəkdilər və oturub arın-arxayın özlərinnən sonra da 5-10 nəsli xımı-xımı yeyəcəklər. Elə indi də müəyyən qürumlar var ki, öz işlərində, köhnə qaydada milləti "sağırlar". məsələn DİN-nin sürücülük vəsiqəsi verən qürumu, vəsiqənin biri 1100-1200 manat, inanın ki, vəsiqə alanların 80-90 %-i, bu qədər pul verib alırlar və eləcə də digər sahələrdə də təxminən belə vəziyyətdi...
...Allah bu milleti bindan beterlerinden qorusun yazlqdı bu millet.