Menu

Harvard Universiteti Trampdan məhkəməyə şikayət etdi – Prezidentin əmrlərinin dayandırılması tələb edilir

22.04.2025, 10:00
Harvard Universiteti Trampdan məhkəməyə şikayət etdi – Prezidentin əmrlərinin dayandırılması tələb edilir

Harvard Universiteti bazar ertəsi günü federal məhkəmədə Tramp administrasiyasına qarşı iddia qaldırıb.

“AzPolitika” xəbər verir ki, universitet Tramp administrasiyasının ona qarşı irəli sürdüyü bir sıra tələblərə cavab vermədiyi təqdirdə Ağ Evin universiteti federal qrant və müqavilələrdən məhrum etmək cəhdinin qanunsuz olduğunu iddia edib.

Universitetin iddiasında federal maliyyənin dondurulması əmrinin qüvvəyə minməməsi xahiş edilir. Universitet qərarı “qanunsuz və hökumətin səlahiyyətindən kənar” adlandırır. O, Tramp administrasiyasını Konstitusiyaya edilən Birinci Düzəlişi, federal qanunları pozmaqda günahlandırır və xəbərdarlıq edir ki, hökumət maliyyəsinin itirilməsi tibbi tədqiqatlara və yeni dərmanların hazırlanmasına mənfi təsir göstərəcək.

Bir həftə əvvəl Tramp administrasiyası Harvard Universitetini vətəndaş hüquqları qanunlarını pozmaqda və antisemitizmlə lazımi səviyyədə mübarizə aparmamaqda ittiham edərək, ona 2,2 milyard dollar federal maliyyə ayrılmasını dayandırdığını elan etdi. O, Harvard rəhbərliyindən maliyyələşmənin bərpası müqabilində işə qəbul sistemində, tələbə qəbulunda, universitet rəhbərliyində ciddi islahatların aparılmasını və ayrı-seçkiliyin rədd edilməsini tələb edib. Universitetin prezidenti Alan Qarber tələbləri yerinə yetirməkdən imtina etdiyini bildirib. Bu yaxınlarda daha 1 milyard dolların mümkün dondurulması və universitetin federal vergiləri ödəməkdən azad edən qeyri-kommersiya statusunun ləğvi ilə bağlı məlumatlar ortaya çıxıb.

"Hökumət antisemitizmlə bağlı narahatlıqlar ilə dondurulacaq tibbi, elmi və digər tədqiqatlar arasında rasional əlaqə göstərə bilmədi. Bu tədqiqat Amerikanın həyatını xilas etmək, Amerikanın təhlükəsizliyini qorumaq və Amerikanın innovasiyalarda lider rolunu qorumaq üçün nəzərdə tutulub", - iddiada deyilir.

Ağ Ev buna cavab olaraq universiteti vergi ödəyicilərinin pullarını bürokratik işçilərinin böyük maaşlarına sərf etməkdə günahlandırıb. "Hökumətin maliyyələşdirməsi imtiyazdır. Universitet bu imtiyazı əldə etmək üçün minimum tələblərə cavab verməyib", - Ağ Evin sözçüsü bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol