Şimali Koreya ordusunun yaranmasının 93-cü ildönümünü ən müasir silah sistemləri ilə təchiz edilmiş, yeni istehsal olunmuş 5000 tonluq döyüş gəmisini suya buraxaraq qeyd edib.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya rəhbərliyindən verilən açıqlamaya görə, döyüş gəmisi Koreya Xalq Ordusunun yaranmasının 93-cü ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Nampho Gəmiqayırma Zavodunda təşkil edilən mərasimlə suya buraxılıb.
Mərasimdə Şimali Koreya lideri Kim Çen In, Kimin qızı Ju-ae, yüksək səviyyəli komandirlər və dövlət rəsmiləri iştirak ediblər.
Kim Yaponiya ordusuna qarşı döyüşən komandir “Çoe Hyon”un adını daşıyan yeni döyüş gəmisinə minərək səlahiyyətlilərdən məlumat alıb və yoxlamalar aparıb. Yeni istehsal edilən gəminin dəniz suverenliyinin müdafiəsinə böyük töhfə verəcəyini vurğulayan Kim, "Yeni Çoe Hyon sinifli esmineslərdən ilki olan bu gəminin Koreya Xalq Ordusunun yaranmasının ildönümündə suya buraxılması tarixi əhəmiyyət daşıyır",-deyə qeyd edib.
O, daha sonra Şimali Koreya ordusunun dənizdəki gücünü artırmaq siyasətini qətiyyətlə davam etdirəcəyini vurğulayaraq əlavə edib: “Açıq dənizlərdə əməliyyat imkanlarına malik olmaq Koreya yarımadasındakı hərbi təhdidləri, o cümlədən nüvə təhlükələrini təhlükəsiz idarə etmək və xaricdəki güclərin yarımadada hərbi mövcudluğunu genişləndirməsinin qarşısını almaq üçün ən etibarlı yoldur”.
Mərasimlə suya buraxılan gəminin gələn ilin əvvəlində Şimali Koreya donanmasına təhvil veriləcəyi açıqlanıb.
"AzPolitika.info"


Şərhlər