“Mərkəzi banklar üçün qızılın cəlbediciliyi hələ də yüksək olaraq qalmaqdadır. Bu maraq 2022-ci ildən sonra xüsusilə artıb”.
“AzPolitika” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib.
“Təsadüfi deyil ki, 2022-ci ilin III rübündə ölkələrin əsas bankları son illərin ən yüksək həcmində - 456,9 ton qızıl alıblar. Sonrakı illərdə alışda tendensiya fərqli olsa da, yəni azalma olsa da, bankların marağının hələ də yüksək olduğunu söyləmək olar”, - ekspert əlavə edib.
S.Əliyevin sözlərinə görə, 2025-ci ilin I rübündə mərkəzi banklar 244 ton həcmində qızıl alıb: “Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azdır. Bu ilin ilk rübündə ən böyük alıcı Polşanın Mərkəzi Bankı olub və ötən il olduğu kimi bu rub də aktiv alış həyata keçirib. Bazardan 49 ton qızıl alan Polşa (2024-cü ildə 90 ton alıb) ümumi qızıl ehtiyatını 497 tona çatdırıb və bu onun ümumi ehtiyatlarının 21%-i həddindədir.
İkinci ən böyük alıcı Azərbaycan Dövlət Neft Fondu olub. Fond yanvar-mart aylarında 19 ton qızıl alaraq qızıl ehtiyatını 165 tona çatdırıb. Hazırda Fondun portfelində qızılın payı 26% təşkil edir”.
S.Əliyevin sözlərinə görə, digər əsas alıcılar Çin (13 ton), Qazaxıstan (6 ton), (Çexiya 5 ton), Türkiyə (4 ton), Hindistan (3 ton), Qətər (3 ton) və Misir (1 ton) olub.
“Özbəkistan, Rusiya, Qırğızıstan mərkəzi bankları isə bu qiymətli metallarının bir hissəsini satmalı olublar. I rübdə onların qızıl satışı müvafiq olaraq 15 ton, 3 ton, 2 ton olub”, - o əlavə edib.
“AzPolitika.info”


Şərhlər