“İkinci Dünya müharibəsinin başa çatmasının növbəti ildönümü yaxınlaşdıqca, qalib dövlətlər arasında bu qələbənin xatırlanması və təqdimatında kəskin fərqlər daha qabarıq görünür. Əgər ABŞ, Böyük Britaniya və Fransa bu tarixi hadisəni sadə, lakin dərin mənəvi qiymətləndirmə ilə yad edirlərsə, Rusiya bu günü imperiya nostaljisi və sovet hərbi gücünün simvoluna çevrilmiş pompa ilə qeyd edir”.
“AzPolitika” xəbər verir ki, bunları ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi ekspert Ramiz Yunus yazıb.
O, hesab edir ki, bu fərq təkcə hadisələrin şərhində deyil, həm də Rusiya cəmiyyətinin hələ də öz totalitar keçmişi ilə üzləşməyə hazır olmamasındadır. Ramiz Yunus vurğulayır ki, 1917-ci il Oktyabr çevrilişi Rusiyada imperiya ənənələrinə son qoymadı, əksinə, bu xətt bolşeviklərin simasında daha aqressiv formada davam etdi: “Yeni yaranmış sovet rejimi qırmızı terrorla, siyasi repressiyalarla, zorakı köçürmələrlə və soyqırımla müşayiət olunan avtoritar model qurdu. Lakin bu faciəvi səhifələr indiyədək Rusiyada geniş şəkildə araşdırılmayıb və ictimai şüurda yetərincə mənimsənilməyib. Bu da tarixin müxtəlif interpretasiyalarına səbəb olur”.
Yunus Sovet İttifaqının nasist Almaniyası ilə imzaladığı Molotov-Ribbentrop paktını və bu sazişin nəticəsində baş verən ərazilərin bölüşdürülməsini – Baltikyanın, Qərbi Ukraynanın, Qərbi Belorusiyanın işğalını, həmçinin Finlandiyaya qarşı başladılan müharibəni — Rusiya ilə Qərb arasında gələcək münasibətlərdə ciddi gərginliyin əsasları kimi dəyərləndirir. “SSRİ-nin Finlandiyaya qarşı təcavüzünə görə Millətlər Liqasından çıxarılması və ABŞ-nin bu ölkəyə tətbiq etdiyi texnoloji embarqo sovet aviasiyasına ciddi zərbə vurmuşdu”, - o əlavə edir.
R.Yunus qeyd edir ki, anti-Hitler koalisiyası daxilindəki müttəfiqlər arasında birlik formal idi. Əslində isə Qərb demokratiyaları ilə sovet totalitarizmi arasında ideoloji və strateji ziddiyyətlər mövcud idi. Onun sözlərinə görə, bu ziddiyyətlərin kulminasiya nöqtəsi isə 1946-cı ilin martında Çörçillin ABŞ-nin Fulton şəhərində səsləndirdiyi tarixi nitqində özünü göstərdi: “Bu nitqdə o, SSRİ-ni demokratiyaya qarşı olan "polis dövləti" adlandırdı və "dəmir pərdə" termini ilə sovet təsirini sərt tənqid etdi. Bu çıxış artıq müttəfiq olmayan düşərgələrin başlanğıc nöqtəsi oldu — Soyuq müharibənin əsası qoyuldu. Çörçillin Stalin rejimini Hitlerin faşist rejimi ilə eyni səviyyədə görməsi, tarix tərəfindən təsdiqlənmiş uzaqgörən mövqe kimi təqdim olunur”.
Ramiz Yunus bu müqayisənin bu gün də aktuallığını qoruduğunu vurğulayır: “Məsələn, Katın qırğını kimi faktlar hələ də Rusiya ilə Polşa arasında dərin ziddiyyət yaradır. SSRİ-yə qarşı silaha sarılan milli hərəkatlar – Azərbaycanda müsavatçılar, Ermənistanda daşnaklar, Gürcüstanda eser və menşeviklər, Orta Asiyada basmaçılar, Baltikyanın “meşə qardaşları”, Ukraynada banderovçular — hələ də Rusiyada ya “terrorçu”, ya da “xain” kimi təqdim olunur. Halbuki, həmin hərəkatlar post-sovet məkanında milli azadlıq mübarizəsinin rəmzi kimi qəbul edilir”.
R. Yunus hesab edir ki, bu fərqli baxışların əsas səbəbi Rusiyanın hələ də öz tarixi ilə üzləşməkdən yayınmasıdır. “Almaniyanın Nürnberq məhkəməsindən sonra etdiyi rəsmi peşmanlıq və bu yolla Avropanın aparıcı demokratiyasına çevrilməsi Rusiya üçün nümunə ola bilərdi. Ancaq nə qədər ki, Rusiya öz keçmişinin repressiv mahiyyətini qəbul etməyəcək və milyonlarla insanın həyatını məhv edən Stalin rejiminə qarşı vicdanlı mövqe sərgiləməyəcək, dünya tərəfindən anlaşılması mümkün olmayacaq”, - o bildirib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər