Menu

“ASAN imza”nın inhisarçılığı sona çatdı – SİMA 6 ay pulsuz olacaq, amma...

13.05.2025, 15:37
“ASAN imza”nın inhisarçılığı sona çatdı – SİMA 6 ay pulsuz olacaq, amma...

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, rəqəmsal identifikasiya bazarındakı inhisarçılığın başa çatdığını bildirib. Ekspertin fikrincə, SİMA rəqəmsal imzasının Dövlət Vergi Xidmətinə inteqrasiyası mühüm dönüş nöqtəsidir.

“Nəhayət ki, SİMA rəqəmsal imzası Dövlət Vergi Xidmətinin fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmətlərinə inteqrasiya olunub”, – deyə Gündüz qeyd edib. Onun sözlərinə görə, bundan sonra sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaimə və vergi bəyannamələrini SİMA ilə təqdim edə biləcəklər.

Ekspert əlavə edib ki, bu tətbiq 6 ay müddətində abunə haqqı olmadan təqdim olunacaq.

Gündüz, indiyədək bu xidmətlərə yalnız xarici şirkət olan Best Solutions-a məxsus “ASAN imza” ilə çıxış mümkün olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, hazırda Azərbaycanda təxminən 1 milyon aktiv ASAN imza istifadəçisi var və bu şirkət hər ay 2 milyon manatdan çox gəlir əldə edir. Bu da, indiyədək identifikasiya bazarında heç bir rəqabət mövcud olmadığını göstərir.

Gündüz, SİMA-nın Dövlət Vergi Xidmətinə inteqrasiyasının təxminən 2 il çəkdiyini qeyd edib: "Bu müddət ərzində ictimaiyyətdə prosesin ləngiməsində maraqlı olmayan tərəflər olduğu hiss olunurdu, bu tərəflərin kimliyi sektorda məlumdur."

Rəqəmsal sahədəki inkişaflardan danışan ekspert, Dövlət Vergi Xidmətinin son zamanlar rəqəmsal transformasiya istiqamətində ciddi vəsaitlər ayırdığını və AVİS sisteminin İT infrastrukturunun təkmilləşdirildiyini bildirib. Eyni zamanda, AzİnTelecom-un AZCON Holdinqə qoşulmasından sonra SİMA infrastrukturu genişlənib. Gündüz bu addımların rəqabətli imza bazarının formalaşmasına xidmət etdiyini vurğulayıb.

“Bütün bunlar, ölkədə açıq və əlverişli biznes mühiti yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Ekspert, "ASAN" adı olsa da, ASAN Xidmətlə heç bir əlaqəsi olmayan və xarici şirkətə məxsus identifikasiya vasitəsinin inhisarçılığının faktiki olaraq sona çatdığını qeyd edib.

Bununla yanaşı, SİMA-nın hüquqi şəxslər və dövlət qurumları üçün inteqrasiyasının hələ tamamlanmadığını vurğulayıb: “Ümid edirəm ki, bu proses də yaxın zamanda başa çatacaq.”

Gündüz sonda əlavə edib ki, sahibkarlar üçün güzəşt müddəti bitdikdən sonra SİMA-nın təqdim edəcəyi tariflərin də əlverişli və məqbul olacağına ümid edir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Şərifi Birliyant 2025-05-14 17:42:38

Goranboy

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol