Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar 17-ci sanksiya paketini təsdiqləyiblər.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, yeni sanksiya paketi çərçivəsində insan hüquqlarının pozulmasında, hibrid əməliyyatlarda və kimyəvi silahların yayılmaması rejiminin pozulmasında ittiham olunan rusiyalı şəxslərə qarşı ayrıca məhdudiyyətlər də təsdiqlənib. Sanksiyaların yekun təsdiqi isə Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən 20 may tarixində veriləcək.
Hazırda sanksiya tədbirləri ictimaiyyətə açıqlanmayıb. Lakin KİV-in məlumatına görə, siyahıya onlarla fiziki və hüquqi şəxs, həmçinin “kölgə donanması”na aid təxminən 100 tanker daxil olacaq. Qeyd edilir ki, bu dəfə sektorial sanksiyaların genişləndirilməsindən söhbət getmir.
Qeyd edək ki, bundan əvvəl Almaniya Kansleri və Fransa Prezidenti daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin liderləri bəyan etmişdilər ki, Rusiya yaxın günlərdə Ukraynada 30 günlük atəşkəslə razılaşmasa, sanksiyalar daha da sərtləşdiriləcək. Lakin ehtimal edilir ki, bu bəyanatlar məhz 17-ci paketə deyil, hələlik detalları açıqlanmayan əlavə tədbirlərə aiddir.
Hazırda Aİ Rusiyadan və Ukraynadan gözlənilən danışıqların nəticələrini izləyir. Həmin danışıqların 15 may tarixində İstanbulda baş tutacağı gözlənilir.
“AzPolitika.info”


Şərhlər