“Biz bu gün oğurluğa görə cəzanı 2 ildən 3 ilə qədər artırırıq və bu da o deməkdir ki, məhkəməyədək sadələşdirilmiş icraatdan imtina edirik”.
“AzPolitika” xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu dəyişiklikdən sonra 500 manatdan artıq dəyərdə oğurluq hadisələri üzrə artıq təhqiqat yox, tam istintaq aparılmalıdır: “Hörmətli Bəhruz Məhərrəmov da qeyd etdi ki, artıq təhqiqat aparılmayacaq, yəni sadələşdirilmiş icraat olmayacaq. Bu, istintaq orqanlarının iş yükünü əhəmiyyətli dərəcədə artıracaq”.
Deputat əlavə edib ki, ona verilən məlumata görə, supermarketlərdə gündəlik çoxsaylı oğurluq halları qeydə alınır: “Etibarlı mənbədən – bir supermarketlər şəbəkəsinin mühafizə xidmətində çalışan şəxsdən aldığım məlumata görə, kiçik marketlərdə gündə 5, böyük supermarketlərdə isə 10-15 oğurluq hadisəsi baş verir. Bu məlumatları hər kəs araşdıra bilər”.
Qüdrət Həsənquliyev vurğulayıb ki, bu cür oğurluq hadisələrinin əksəriyyəti qadınlar tərəfindən törədilir: “Əgər gündə 10 oğurluq hadisəsi baş verirsə, bunun 7-si qadınlar tərəfindən törədilir. Ən dəhşətlisi odur ki, bu qadınların oğurladığı məhsullar əsasən yağ və ət kimi ərzaq məhsullarıdır. Bu da göstərir ki, cinayətkarlıq bəzən birbaşa sosial durumla bağlı olur”.
Millət vəkili qeyd edib ki, müstəntiqlərin iş yükü artıq çox ağırdır və bu cür dəyişikliklər onların fəaliyyətini daha da çətinləşdirəcək: “Daxili İşlər Nazirliyinin müstəntiqlərinin iş yükü prokurorluq müstəntiqlərinin iş yükündən dəfələrlə artıqdır. Onların bu dəyişiklikdən sonra yeni yükün öhdəsindən gələcəkləri inandırıcı deyil. Hesab edirəm ki, belə dəyişikliklər edilməzdən əvvəl müvafiq dövlət orqanlarından arayış alınmalı, real imkanlar nəzərə alınmalıdır”.
Deputat inflyasiya və ərzaq qiymətlərindəki artım fonunda cəzanın sərtləşdirilməsinin sosial ədalət baxımından doğru addım olmadığını bildirib: “Bu il inflyasiya səviyyəsi 6,3 faiz təşkil edib. Ərzaq məhsulları üzrə isə bu göstərici 7,6 faizdir. 2023-cü ildə 4 nəfərlik ailənin ərzaq xərcləri 642 manat idisə, bu gün 1010 manatdır. Biz bu reallığı nəzərə almalıyıq”.
Deputat həmçinin hüquq-mühafizə orqanlarındakı əməkhaqqı məsələlərinə də toxunub: “Daxili İşlər Nazirliyinin müstəntiqləri, prokurorluq müstəntiqləri ilə müqayisədə 2 dəfədən artıq az maaş alır. Halbuki onların iş yükü daha çoxdur. Bu, ciddi şəkildə diqqət mərkəzində olmalıdır”.
Çıxışının sonunda Qüdrət Həsənquliyev Ermənistan separatçılarına qarşı aparılan istintaq prosesini yüksək qiymətləndirərək Respublika Prokurorluğuna təşəkkürünü bildirib və oğurluq hallarına görə cəzanın artırılması ilə bağlı təklifin əleyhinə səs verəcəyini qeyd edib:“Prokurorluq tərəfindən erməni separatçılarına qarşı aparılan çoxepizodlu cinayət işinin icrası yüksək səviyyədə həyata keçirilir. Bu, ağır və məsuliyyətli işdir. Amma oğurluqla bağlı cəzanın sərtləşdirilməsi təklifini bu mərhələdə düzgün hesab etmirəm”.


Şərhlər