Menu

“Trampla bu gün iki dəfə danışdım...” - “İndi həlledici zaman gəlib çatıb”

20.05.2025, 08:48
“Trampla bu gün iki dəfə danışdım...” - “İndi həlledici zaman gəlib çatıb”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi müharibənin dərhal və qeyd-şərtsiz dayandırılmasına hazırdır.

“AzPolitika” xəbər verir ki, o bu barədə dünən axşam sosial şəbəkə hesablarında paylaşım edib.

“ABŞ Prezidenti Donald Trampla bu gün iki dəfə danışdım. Əvvəlcə onun Rusiya rəhbəri ilə telefon danışığından əvvəl ikitərəfli formatda əlaqə saxladıq, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Mers, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə birgə Prezident Trampla danışığımız oldu”.

Zelenski qeyd edib ki, hazırkı məqam həlledicidir və dünya liderlərinin bu savaşın dayandırılması üçün nə qədər iradə sahibi olduqları indi bəlli olacaq: “İndi həlledici zaman gəlib çatıb. Dünya bu gün görə bilər ki, liderlərin müharibəni dayandırmaq və real, uzunmüddətli sülh yaratmaq üçün yetərincə iradəsi varmı”.

O, ABŞ Prezidenti ilə ikitərəfli danışığın əvvəlində Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğunu təsdiqlədiyini bildirib: “Söhbətimizin əvvəlində Prezident Trampa bu məsələdə Ukraynanın tam hazır olduğunu təsdiqlədim. Bu, o cümlədən ABŞ-nin də dəstəklədiyi mövqedir. Bu təklifin mənası yayındırılmamalıdır. Əgər ruslar öldürmələri dayandırmağa hazır deyillərsə, onlara qarşı daha sərt sanksiyalar tətbiq olunmalıdır”.

Zelenski vurğulayıb ki, yalnız sanksiya təzyiqi Rusiyanı real sülhə məcbur edə bilər: “Rusiyaya təzyiq onu real sülhə məcbur edəcək, bu, artıq bütün dünya üçün aydındır”.

Prezident əlavə edib ki, Ukrayna Rusiyayla istənilən formatda birbaşa danışıqlara hazırdır və müxtəlif beynəlxalq platformaları nəzərdən keçirir: “Ukrayna Rusiyayla nəticə verəcək istənilən formatda birbaşa danışıqlara hazırdır. Türkiyə, Vatikan, İsveçrə – biz bütün mümkün meydanları nəzərdən keçiririk. Ukraynanı buna inandırmağa ehtiyac yoxdur. Nümayəndələrimiz danışıqlarda real qərarlar verməyə hazırdır. İndi əsas məsələ Rusiyanın da bu cür nəticəyönümlü danışıqlara eyni dərəcədə hazır olub-olmamasıdır”.

Zelenski deyib ki, Avropa liderləri ilə birgə danışıqlarda mümkün növbəti addımlar da müzakirə olunub: “Avropalı liderlərlə danışıqlar zamanı növbəti addımları, xüsusən də danışıqlar nümayəndələrinin görüşlərini və tərəflərin təkliflərinin obyektiv qiymətləndirilməsini müzakirə etdik”.

Prezident bildirib ki, danışıqlar masasında olan hər bir təklifə ədalətli yanaşmaq vacibdir və buna görə də həm ABŞ, həm də Avropa bu prosesə lazımi səviyyədə qoşulmalıdır: “Hər bir təklif ədalətli qiymətə layiqdir. Məhz buna görə də danışıqlar prosesinə həm Amerika, həm də Avropa nümayəndələri lazımi səviyyədə cəlb olunmalıdır.”

Zelenski ABŞ-nin sülh prosesindən geri çəkilməsinin təhlükəli olduğunu vurğulayıb: “Bizim üçün vacib olan odur ki, ABŞ danışıqlardan və sülhün əldə olunmasından uzaqlaşmasın. Çünki bu məsələdə maraqlı olan tək tərəf Putindir”.

Ukrayna Prezidenti Rusiyanın hazırkı mövqeyinin müharibənin uzadılmasına xidmət etdiyini bildirib: “Əgər Rusiya öldürmələri dayandırmağa hazır deyilsə, əsirləri və girovları azad etmirsə, Putin qeyri-real şərtlər irəli sürürsə, bu, onların müharibəni uzatmaq niyyətində olduğunu göstərir. Buna görə Avropa, ABŞ və bütün dünya buna uyğun reaksiya verməlidir. O cümlədən əlavə sanksiyalarla”.

Zelenski əlavə edib: “Rusiya özü başladığı bu müharibəni bitirməlidir və bunu istənilən gün edə bilər. Ukrayna isə hər zaman sülhə hazırdır”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol