Kreml atəşkəsə razılaşmaq əvəzinə, Ukraynaya qarşı yeni tələb və şərtlərlə çıxış etməkdə davam edir.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Maksim Musixin bir daha Ukrayna Prezidenti Volodimir Zelenskinin prezidentliyinin guya “qeyri-legitim” olması ilə bağlı məsələni gündəmə gətirib.
Musixin bəyan edib ki, Ukrayna xalqı Rusiya ilə sülh memorandumu imzalaya biləcək yeni rəhbərlik seçməlidir. Onun sözlərinə görə, Zelenski Moskvanın baxışına əsasən “daxili legitimliyini çoxdan itirib” və bu səbəbdən ölkəni danışıqlarda təmsil edə bilməz.
Musixin iddia edir ki, Ukrayna tərəfindən sülh sənədini yalnız “xalqın mandatına sahib şəxs” imzalamalıdır, əks halda bu, gələcəkdə problemlər yarada bilər. O, həmçinin əlavə edib ki, Ukrayna parlamentinin rəhbərinin bu cür sazişi imzalamaq üçün müəyyən səlahiyyətləri olsa da, “ona ölkəsində bu hüququn verilib-verilməyəcəyi böyük sual altındadır”.
Qeyd edək ki, bundan əvvəl – mayın 19-da – Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın prezidenti Donald Trampla telefon danışığında Moskvanın Kiyevlə sülh yolu ilə nizamlanmaya dair memorandum üzərində işləməyə hazır olduğunu bildirmişdi. “The Wall Street Journal” isə yazır ki, Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsi iyun ayının ortalarına planlaşdırılıb.
“AzPolitika.info”


Şərhlər