Menu

Baltik ölkələrindən Gürcüstana diplomatik “sanksiya” – Vizasız rejim ləğv edildi

22.05.2025, 18:12
Baltik ölkələrindən Gürcüstana diplomatik “sanksiya” – Vizasız rejim ləğv edildi

Gürcüstan hökumətinin Avropa İttifaqına inteqrasiya kursundan uzaqlaşması və Rusiyayönlü siyasətə meyli Baltik ölkələrinin kəskin reaksiyasına səbəb olub. Litva hökuməti Gürcüstanın dövlət rəsmiləri və diplomatları üçün vizasız rejimi rəsmən ləğv edib. Bu qərar Avropa İttifaqının yanvar ayında qəbul etdiyi tövsiyənin icrasıdır. Artıq Gürcüstan rəsmiləri Litvaya vizasız səfər edə bilməyəcəklər.

Litvanın “Delfi” xəbər portalı bildirir ki, bu şəxslər uzunmüddətli vizalarla bağlı güzəştlərdən də məhrum ediləcəklər. Bu dəyişiklik təkcə texniki xarakter daşımır, siyasi mesaj kimi qiymətləndirilir: Gürcüstan hökumətinin demokratik dəyərlərdən uzaqlaşması Avropa dairələrində ciddi narahatlıq doğurur.

Litvadan əvvəl Estoniya da Gürcüstan diplomatları üçün oxşar məhdudiyyətlər tətbiq edib.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu addımı belə şərh edib:
“Diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi beynəlxalq ictimaiyyətin Gürcüstanda etirazçılara və jurnalistlərə qarşı təzyiqlərə, polisin cəzasız qalmasına və hakim “Gürcü arzusu” partiyasının susqunluğuna dözümsüz yanaşdığını göstərir.”

Litva, Latviya və Estoniya Gürcüstan hakimiyyətinə qarşı açıq sanksiya siyasəti yürüdən ilk Aİ ölkələri olublar. Xüsusilə, hakim “Gürcü arzusu” partiyasının qurucusu və Rusiyayönlü siyasətin simvolu sayılan oliqarx Bidzina İvanişvili, eləcə də daxili işlər naziri Vaxtanq Qomelaurinin bu ölkələrə girişi qadağan olunub.

Bu tədbirlər Gürcüstanda 2024-cü ildə qəbul edilən və ictimaiyyət tərəfindən “Rusiya qanunu” adlandırılan “xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən kütləvi etirazlarla eyni vaxta təsadüf edir. Qanun vətəndaş cəmiyyətinə və medianın azadlığına ciddi təhdid kimi qiymətləndirilir.

Baltik ölkələrinin mövqeyi, Avropa İttifaqının demokratik dəyərlərə sadiq ölkələri – o cümlədən Polşa, Çexiya və Niderland üçün nümunə ola bilər. Litva və Estoniyanın qərarları təkcə rəmzi deyil, həm də strateji xəbərdarlıqdır: Gürcüstan hakimiyyətinə bildirilib ki, demokratik prinsiplərə zidd davranışlar cavabsız qalmayacaq. Diplomatik vizaların ləğvi yalnız ilk mərhələdir – əgər rəsmi Tbilisi kursunu dəyişməzsə, Aİ-nin daha sərt addımlar atacağı istisna deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol