Türkiyə Xarici İşlər naziri Hakan Fidanın bu həftə Ukraynanın paytaxtı Kiyevə rəsmi səfəri gözlənilir.
"Reuters"-in verdiyi məlumata əsasən, səfər çərçivəsində Fidan Ukraynalı rəsmilərlə görüşlər keçirəcək və İstanbulda keçirilmiş sülh danışıqlarının davamı məsələsini müzakirə edəcək.
Qeyd edək ki, Kiyev səfərindən əvvəl Fidan Rusiyanın paytaxtı Moskvaya gedərək Kremlin Sarayında Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər arasında baş tutan danışıqlarda Ukrayna müharibəsinin sonlandırılmasına dair mümkün təşəbbüslər, İstanbul danışıqlarından sonra yaranmış vəziyyət və sülhə aparan yeni addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı Hakan Fidan Ankaranın sülh prosesində vasitəçi olmağa və tərəflərə ev sahibliyi etməyə hazır olduğunu bir daha ifadə edib. Ankara əvvəlki dövrlərdə olduğu kimi, bu prosesdə "asanlaşdırıcı rol" oynamaq niyyətindədir.
Xatırladaq ki, bu ay İstanbulda keçirilən və 1000 hərbi əsirin qarşılıqlı dəyişdirilməsi ilə nəticələnən Rusiya-Ukrayna danışıqları 2022-ci ilin martından bəri ilk birbaşa təmas idi. Hərçənd ki, danışıqlar atəşkəslə nəticələnməyib, tərəflər yazılı tələblərini qarşı tərəfə təqdim ediblər.
Moskva görüşündə, eyni zamanda, Türkiyə və Rusiya arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Rusiya rəsmiləri bildirib ki, görüşün əsas gündəmində ikitərəfli münasibətlər yer alıb, lakin Ukrayna ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Rus mənbələrinə görə, gələcək sülh danışıqlarına ev sahibliyi edə biləcək ölkələr arasında Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Oman da nəzərdən keçirilir.
"AzPolitika.info"

Şərhlər