Son günlər ABŞ Prezidenti Donald Trampın verdiyi bəyanatlar və qərarlar beynəlxalq medianın əsas diqqət mərkəzinə çevrilib.

“The New York Times” qəzetinin yazdığına görə, Tramp dünyanı yenidən təsir zonalarına bölmək niyyətindədir. Bu modelə əsasən, ABŞ, Çin və Rusiya öz regionlarında dominant rol oynayacaq. Belə bir yanaşma XIX əsr imperiya idarəetmə üslubunu xatırladır.

Qəzetin yazdığına görə, Tramp keçən həftə Rusiya ilə ticarət əlaqələrinin normallaşdırılmasına dair istək ifadə edib. Eyni zamanda o, Çinlə iqtisadi qarşıdurmanın nəticələrini yumşaltmağa çalışır və Çin lideri Si Cinpinə birbaşa müraciət edərək əlaqə qurmağa çağırır.

“The New York Times” Trampın Rusiya və Çinlə daha geniş miqyaslı və strateji bir əməkdaşlıq planı hazırladığını istisna etmir. Beynəlxalq analitiklər bildirirlər ki, Trampın davranışları ABŞ-nin yalnız öz qitəsində üstünlük əldə etməyə çalışdığını deyil, həm də dünya gücləri arasında “regional hökmranlıq” modelinə keçmək niyyətini ortaya qoyur.

Digər tərəfdən, “Politico” nəşrinin yazdığına görə, ABŞ ilə Avropa arasında yeni ticarət razılaşması əldə olunması ehtimalı çox aşağıdır. Tramp Avropa mallarına 50 faizlik gömrük rüsumu tətbiq edəcəyi ilə hədələsə də, tərəflər arasında razılaşma hələ də mümkün görünmür.

Xatırladaq ki, ABŞ ilə Avropa İttifaqı arasında Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı üzrə danışıqlar hələ 2016-cı ildə nəticəsiz dayanmışdı. Hazırda Fransa və Almaniya kimi aparıcı Avropa ölkələri bu cür danışıqlara qayıtmaq istəmirlər. Onlar ABŞ korporasiyalarının Avropa standartlarına, xüsusilə də sağlamlıq, təhlükəsizlik və ekoloji tələblərə təzyiq göstərə biləcəyindən narahatdırlar.

Bu arada, Trampın tarif təhdidlərinə cavab olaraq, ABŞ və Avropa arasında müəyyən sahələrdə gərginliyi azaltmaq üçün məhdud ticarət razılaşmaları üzrə danışıqlar aparılır. Söhbət əsasən avtomobil sektoru, dərman sənayesi və metallurgiya sahəsində mümkün güzəştlərdən gedir. “Politico” yazır ki, bu danışıqlar hələlik qlobal ticarət müharibəsinin qarşısını müvəqqəti olaraq almağa hesablanıb. Trampın ritorikası və hərəkətləri ABŞ-nin dünya siyasətində klassik qlobal liderlik modelindən daha çox regional hökmranlıq modelinə keçmək istədiyini göstərir. Bu yanaşma yalnız Çin və Rusiya ilə deyil, həm də Avropa ilə münasibətlərdə dərin dəyişikliklərə yol açır. Yeni dünya düzəni formalaşarkən, ABŞ-nin strateji tərəfdaşları da öz maraqlarını və təhlükəsizlik anlayışlarını yenidən gözdən keçirmək məcburiyyətində qalır.

Rasim Əliyev

“AzPolitika.info”