ABŞ Prezidenti Donald Trampın ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlı imzaladığı üç prezident fərmanı kəskin şəkildə tənqid olunmaqda davam edir.

Belə ki, buna qarşılıq olaraq yaşları 7 ilə 25 arasında dəyişən 22 nəfər gənc Tramp və administrasiyasını məhkəməyə verib.

Onlar bu fərmanların “sağlamlıqlarını və gələcəklərini təhlükəyə atdığını” bildiriblər.

Onlar “Milli Enerji Fövqəladə Vəziyyəti” çərçivəsində imzalanan 3 fərmanın ABŞ Konstitusiyasına zidd olduğunu iddia edirlər. Onlar bu sənədlərin qlobal istiləşməni daha da sürətləndirəcəyini bildirirlər. Məhkəmə araşdırması çərçivəsində ABŞ Enerji Nazirliyi, Nəqliyyat Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və NASA da cavabdeh qurumlar kimi göstərilib.

İttihamşılardan biri olan Eva Laythiser bildirib: “Trampın fosil yanacaqlarla bağlı fərmanları mənim nəslim üçün bir ölüm hökmüdür. Bu iddianı istədiyim üçün yox, məcbur qaldığım üçün açmışam. Sağlamlığım, gələcəyim və həqiqəti söyləmək hüququm təhlükə altındadır. Tramp)fosil yanacaqları silah kimi istifadə edərək bizə qarşı müharibə aparır. Biz isə ona konstitusiya ilə cavab veririk”.

Xatırladaq ki, Tramp prezident vəzifəsinin icrasına başladığı gündən etibarən ilk iş olaraq “Milli Enerji Fövqəladə Vəziyyəti” elan etmişdi. Bu qərar, ABŞ-də fosil yanacaq istehsalının artırılmasını nəzərdə tutan genişmiqyaslı planın bir hissəsi idi. Tramp administrasiyası bu addımı artan enerji qiymətləri ilə mübarizə və gələcəkdə “yeni nəsil texnologiyalar”ın enerji tələbatını ödəmək zərurəti ilə əsaslandırmışdı.

“AzPolitika.info”