ABŞ Prezidenti Donald Trampın administrasiyası gələn həftə İstanbulda planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına öz nümayəndəsini göndərməyi planlaşdırmır.
“AzPolitika” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit dünən axşam keçirdiyi brifinqdə məlumat verib.
Bununla yanaşı, Livit Trampın hər iki tərəfi birbaşa dialoqa təşviq etdiyini vurğulayıb. CNN-nin yaydığı məlumata görə, Tramp önümüzdəki iki həftə ərzində Vladimir Putinin sülhə nə dərəcədə ciddi yanaşdığını qiymətləndirmək və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirməyi planlaşdırır.
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, 2 iyun tarixində İstanbulda növbəti görüşün keçirilməsi təklif olunub. Görüşdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski iştirak edəcək və Moskvanın hazırladığı sülh memorandumunu təqdim edəcək.
Bundan əvvəlki görüşdə tərəflər atəşkəslə bağlı mövqelərinin əks olunduğu sənədləri hazırlamaqda razılaşmışdılar. Rusiya tərəfi bildirir ki, Türkiyənin vasitəçiliyi ilə dialoqu davam etdirməyə hazırdır və eyni tərkiblə danışıqlara qatılacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanı danışıqları uzatmaqda və beynəlxalq ictimaiyyəti aldatmaqda ittiham edib. Onun sözlərinə görə, Moskva nəinki Kiyevə, hətta Türkiyəyə belə öz memorandumunun mətnini göndərməyib, halbuki əksini vəd etmişdi – o cümlədən ABŞ-yə də. Ukraynanın müdafiə naziri Rustem Umerov da bir gün öncə Rusiya tərəfinin sənəd təqdim etmədiyini təsdiqləyib. O bildirib ki, Kiyev öz sənədini təqdim edib və Rusiya 25 mayda başa çatan üçgünlük əsir mübadiləsindən sonra sənəd təqdim edəcəyinə söz vermişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 29 mayda bildirib ki, Moskva Kiyevdən yeni görüşə razılıq almayıb. Eyni zamanda, o, Ukraynanın Rusiyanın memorandum layihəsini dərhal təqdim etməsi tələbini “qeyri-konstruktiv” adlandırıb.
Peskov vurğulayıb ki, Rusiya məhz bu layihələri müzakirə etmək üçün görüşü 2 iyun tarixində İstanbulda keçirməyi təklif edib.
Xatırladaq ki, 16 mayda İstanbulda keçirilən ilk görüşdə tərəflər “1000-ə qarşı 1000” formatında əsir mübadiləsi ilə bağlı razılığa gəlmişdilər. Medinskiyə görə, Kiyev həmçinin Putin və Zelenski arasında birbaşa danışıqların keçirilməsini təklif edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər