Sabir Rüstəmxanlı: “Təhsil sisteminin vəziyyəti ürəkaçan deyil, məncə seçilən yol yanlışdır” 

“Qarabağı ermənilər boşaltmışdı, bəzi dağ kəndlərini isə özümüz boşaldırıq”  

Tanınmış ziyalı, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı ilə 80-ci yaşının ilk həftəsində söhbətləşdik. O, öz həyatından, yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən, cəmiyyətdəki problemlərdən, onlardan çıxış yollarından danışdı, ən müxtəlif mövzulara dair suallarımızı cavablandırdı.

  (Müsahibənin əvvəli burada)  

- Sabir bəy, Tənzilə xanım bu günlərdə demişdi ki, VHP müxalif mövqedə dayanır. Hazırda hökumətə müxalifətçilik bir qədər dəbdən düşüb. Xüsusən də vətəndaşlar mövcud şəraitdə siyasətdə perspektiv axtarmırlar. Bunları da nəzərə alsaq, VHP-nin hökumətə müxalifətçiliyini nədə görmək mümkündür? 

- Müxalifətçilik modelləri müxtəlifdir. Məsələn, ABŞ-də Demokratlar və Respublikaçılar var. Hakimiyyəti bir-birlərinə ötürə-ötürə ölkəni idarə edirlər. Seçkilərə çoxlu pullar da xərclənir. Seçki arası hakimiyyətdə olmayan tərəf tənqid edir, amma yenə münasibətlər pozulmur. Bu mənada müxalifətçiliyə düşmənçilik kimi baxmaq lazım deyil. Təqdim olunan idarəçilik modelinə, iqtisadi-siyasi kursa əks münasibətin varsa, bu, müxalifətçilikdir. Bu gün inqilabi yolla hakimiyyəti dəyişmək mümkün deyil. Müxalifətdə olan şəxslərin bir çoxu, o cümlədən də mən, heç onun tərəfdarı da deyilik. Çünki inqilablar tarixin üzündə çapıq kimi qalır. Bunu etmək istəmirik. Hakimiyyət dəyişikliyinin ideal yolu seçki və xalqın etimadını qazanmaqdır…Səhvlər kritik həddə çatanda heç bir iqtidarı zorla hakimiyyətdə saxlamaq olmaz. İndiki halda Azərbaycan iqtidarının əsas siması və ölkə siyasətini müəyyənləşdirən Prezident İlham Əliyevin kifayət qədər yüksək reytinqi var. Bununla belə, qanunlarımızda və idarəçilikdə boşluqlar var. Qanunlar müxtəlif dünya ölkələrinin modelləri əsasında hazırlanır və Milli Məclisdə qəbul edilir. 

- Gəlirsə, mütləq qəbul olunmalıdır? 

- Bəli. Çünki bir yerdən gəlir. Biz də Milli Məclisdə qanun layihələri təklif etmişdik, heç biri müzakirəyə çıxarılmadı. Qanun layihələri parlamentə gelir, qəbul edildikdən sonra icraya yönəldilir. Onlara uyğun əsasnamələr hazırlanır və qanun həyata keçirilir. Təəssüf ki, bununla iş bitmir, müdaxılələr ara vermir.

 - Yəni, deputatlar qəbul edəndən sonra?

  - Bəli. Elə qanun var ki, 120-150 düzəlişi var. Bir hissəsi zəruridir, amma düzəlişlərin xalqın xeyrinə olmayanı da az deyil. Dövlət qurumlarının, müəssisələrin xeyrinədir. Cərimələr artırılsın, qaza, işığa limit qoyulsun və s. Nazirliklərin hamısının Milli Məclisdə lobbi fəaliyyəti var, güclüdürlər...

 - Yəni, deputatlar nazirlərə lobbiçilik edirlər? 

- Bütün dünya parlamentlərində lobbiçilik var. Bundan başqa, ölkənin məhkəmə sistemində xeyli dəyişiklik var, amma gözlənilən səviyyədə deyil. 

- Sizin partiyanın millət vəkilləri hansısa qanunla bağlı tutacaqları mövqeyi əvvəlcə partiyada müzakirə olunurmu? 

- Büdcə, hökumətin hesabatı partiyada müzakirə olunur. Amma qanunların hamısını müzakirə etmək olmur. Buna ehtiyac da yoxdur.

 - Sizin partiyanın deputatları büdcə layihələrinin əleyhinə səs veribmi?

 - Yox. Çünki büdcənin tam əleyhinə səs verilməməlidir. Büdcə ölkənin iqtisadi inkişafının güzgüsüdür. Büdcə müzakirələrində mən başqa sahələrlə yanaşı həmişə kəndlərimizin problemlərini səsləndirməyə çalışmışam. 

-Yəni, kəndlərdəki vəziyyət sizi qane etmir...  

- Xeyr. Dəfələrlə demişəm:kəndlər boşalır. İndi Qarabağa qayıdırıq. Qarabağı ermənilər boşaltmışdı, bəzi rayonlarda kəndləri özümüz boşaldırıq. Vaxtilə məktəbdə 300 uşaq oxuyurdu, indi 50 uşaq oxuyur.

 - Təhsil naziri də deyir ki, 1500 məktəb bağlana bilər… 

- Ümumiyyətlə, təhsil sistemi yaxşı vəziyyətdə deyil.  

- Niyə düzəlmir? Neçə nazir dəyişib, proqramlar qəbul olunub. 

- Nazirlər bəlkə də yaxşı adamlardır, onlarla işim yoxdur. Amma seçilən yol doğru deyil. Düzdür, təhsil mürəkkəb məsələdir, amma birmənalı şəkildə təhsildə orta məktəbin nüfuzu artırılmasa, o təhsilin gələcəyi yoxdur. 

- Müəllimin maaşı ölkədə orta aylıq əməkhaqqından aşağıdır. 

- Dəqiq bilmirəm. Müəllimin maaşı dərslərinin həcmindən asılıdır. - Orta aylıq əməkhaqqı 1000 manat civarındadır. Müəllimin əməkhaqqısı 800 manata çatmır.Bunlar yaşla, stajla bağlıdır, həm də dağ kəndlərindəki məktəblərdə çalışanlara dəstək də var. 

- Orta məktəbdə 65 yaşına çatan müəllimlərin əmək fəaliyyəti dayandırılır. Bu barədə nə deyə bilərsiniz?

 - Milli Məclisdə də demişdim ki, biz müəllimi bu qədər alçaltmayaq. 65 yaşdan sonra deyirlər işləyə bilməzsən. Gedir, adam tapır, rüşvət verir, 1 il artırır. Sonra 1 ildən sonra eyni şey təkrar olunur. Məncə, 65 yaş müəllim üçün ən gözəl yaşdır.

 - Sabir bəy, səhiyyədə vəziyyət necədir sizcə? 

- Mən təhsil və ya səhiyyə eksperti deyiləm. Vətəndaş kimi cavab verə bilərəm. Səhiyyə sığortasının tətbiqinə çox sevinirəm.. Bir çox hallarda adamların köməyinə çatır. Sonra özəl klinikalar, xaricdən dəvət olunmuş mütəxəssislər müəyyən dəyişiklik yaradır. Amma məsələn, TƏBİB-lə bağlı xeyli tənqidi yazılar oxumuşam. Müəyyən fikirlərə görə orada ciddi problemlər hələ də var. Sığorta işi elədir ki, mənim-sənin ola bilməz – hər kəsə eyni gözlə baxılmalıdır. Mən Bakı Sağlamlıq Mərkəzində qeydiyyatdayam. Hər şey yüksək səviyyədədir. Başqa yerlərə getmirəm, amma şikayətlər çoxdur. Həkimlik, dərman işi ilə bağlı da xeyli şikayət var.  Türkiyədə 5-6 manata aldığım təzyiq dərmanı Bakıda alman aptekində 120 manat idi... İki dəfə, üç dəfə baha olsun, amma 20 dəfə baha dərman olar? İnsanda vicdan olmalıdır... Bunu gətirən insan deyil? İzləmək, baxmaq lazımdır onun qiymətinə. 

 - Əhalinin sosial vəziyyəti barədə də suallarım var. Hansı siqnallar alırısz cəmiyyətdən?  

- İnsanların bir nömrəli qayğısı işsizliklə bağlıdır. Xüsusən də rayonlarda. Ona görə insanlar Bakıya axışır. Buna iki cür baxmaq olar. Ağır dönəmdən çıxmışıq. Qarabağ bərpa olunmalıdır. Ordu yüksək səviyyədə olmalıdır. Hərbi sənaye inkişaf etməlidir. Bu cür yanaşanda dözümlü olmaqda fayda var. Amma bir hissəsi də məmur özbaşınalığından qaynaqlanır. İcra başçısı icra hakimiyyətində elə oturub, elə bil şəxsi qalasıdır.

 - Sabir bəy, gənc nəsilin vəziyyəti dəyişəcəyinə ümid vardı, amma o da doğrulmur...

 - İndi xırda vəzifə sahibləri də özünü padşah kimi aparır. Bunlar sistemdən, məktəbdən gəlir. Gənc nəslin bir çoxu özünü vəzifədə necə aparmaq lazım olduğunu bilmir. 

- Ölkənin imkanları zəifləyir. Neftin qiyməti düşür, hasilat azalır, idxal artır. Sizcə, bu gedişat nə vəd edir? 

- İqtisadi imkanların zəifləməsinin bir səbəbi də özümüzdədir. Müstəqilliyin ilk illərində insanlar böyük həvəslə torpaq götürürdü, taxıl, bostan əkirdi. Sonra ticarətçilər kənardan taxıl da, meyvə də gətirdi. Daxili bazar qorunmadı, işləmək həvəsini öldürdülər. Meyvə yetişir, ağacda qalır, yığan olmur. Maşına yığıb Rusiyaya aparmaq istəyirsən, deyirlər 1000 dollar lazımdır ki, bu maşın tərpənsin. Nə qədər soyuducu kameralar tikildi, indi görəsən, oralar məhsulla dolurmu? Bir istehsal müəssisəsi üçün 10 yerdən icazə almalısan. Bir dükan açırsan, 10 yerdən gəlirlər. 

- Perspektivə ümidiniz varmı? 

- Mən heç vaxt ümidimi itirməmişəm. Azərbaycan regionun ən güclüsüdür və bu, davam edəcək. Xalqımızın daha gözəl günləri irəlidədir. Bir şerimdə dediyim kimi: Yurdumun ən gözəl nəğməsi öndə, Hələ yazılmayıb, oxunmayıbdır…  

- Sərhədlər bağlıdır, bununla bağlı müəyyən arqumentlər gətirilir… 

- Sərhədlər açılmalıdır. Milyonlarla insan Rusiyada yaşayır. Gürcüstan üzərindən gəlirlər. Niyə Gürcüstan qazanmalıdır bundan, biz yox!? Bir neçə dəfə ümumiyyətlə bəyanat olub ki, açılacaq. Nazirlər Kabineti öz sözünə hörmət etməlidir. 

- Bu suala yenə qayıtmaq istəyirəm, gələn il 80 illik yubileyiniz olacaq. Azərbaycan ictimai-siyasi həyatında, mədəniyyətində, ədəbiyyatında böyük rolunuz olub. Dövlətdən nə gözləyirsiniz?  

- Allaha minnətdar olacam ki, 80 il yaşamışam. Çox risklərdən keçsəm də hələ sağam. Təyyarə qəzasına düşmüşük. 3-4 dəfə dənizdə boğulmaq təhlükəsi olub. Bəzən kəndirbaz ipin üzərində gedən kimi getmişəm. Amma yaşamışam, yazmışam. Böyük bir ailəm var. Bunu mənə taleyim verib. Buna sevinirəm. Başqa bir şey istəmirəm. Ciddi bir gözləntim yoxdur. "Xalq şairi" adı ən yüksək addır…

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”