Qarabağda ləğv edilmiş qondarma rejimin sonuncu “prezidenti” olmuş Samvel Şahramanyan Ermənistan hüquq-mühafizə orqanlarında aparılan istintaq çərçivəsində dindirilib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, o, 2023-cü ilin sentyabrında Azərbaycan təhlükəszilik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı zamanı baş verən hərbi səhlənkarlıq və silah-sursatın təhvil verilməsi epizodları ilə bağlı aparılan cinayət işində şahid qismində ifadə verib.
Məlumatı jurnalistlərə onun vəkili Roman Yeriçyan verib. O bildirib ki, istintaq sirrinə görə Şahramanyanın ifadəsinin detalları açıqlanmır.
Erməni mediasının yazdığına görə, istintaq Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının” rəhbəri Samvel Babayanın müraciəti əsasında başlanıb. Amma Babayan konkret olaraq hansı faktlar və ya sənədlərlə hüquq-mühafizə orqanlarına müraciət edib, bu barədə heç bir rəsmi məlumat yoxdur. Şahramanyanın vəkili də bu barədə sualları cavablandırmaqdan yayınıb.
Maraq doğuran əsas məqamlardan biri isə odur ki, cinayət işi hələ 2023-cü ildə başlanmış olsa da, Şahramanyan yalnız 2025-ci ildə istintaqa çağırılıb. Onun ilk dəfə dindirilməsi mayın ortalarında baş verib.
Roman Yeriçyan bu situasiyanı məntiqsizlik adlandırıb: “Hüquqi baxımdan aydındır ki, 2023-cü ildə belə bir fakt üzrə istintaq başladılıbsa Samvel Şahramanyan ilk olaraq dindirilməli idi. Amma onun dindirilməsi yalnız 2025-ci ildə başlayıb. İndi sual olunur: nəyə görə iki il ərzində onun ifadəsi alınmayıb?”.
Ermənistanın İstintaq Komitəsi bu işlə bağlı ictimaiyyətə əlavə açıqlama verməyib. Şahramanyanın statusu “şahid” olaraq qalsa da, vəkilinin sözlərinə görə, vəziyyətin necə inkişaf edəcəyi bəlli deyil.
“AzPolitika.info”


Şərhlər