Rusiya ilə davam edən müharibə zamanı həlak olmuş 1212 ukraynalı hərbçinin cəsədi Ukrayna tərəfinə təhvil verilib. Bu barədə Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Bildirilib ki, cəsədlər Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində gedən döyüşlərdə həlak olmuş hərbçilərə məxsusdur. Maraqlı məqamlardan biri də budur ki, cəsədlər arasında Rusiyanın Kursk vilayətində həlak olmuş ukraynalıların qalıqları da var.

Cəsədlərin qaytarılması və əsirlərin mübadiləsi ilə bağlı razılaşma 2 iyun 2025-ci il tarixində İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçirilən danışıqlar zamanı əldə olunub. Prosesin Türkiyənin vasitəçiliyi ilə baş tutduğu ehtimal olunur.

Rusiya tərəfi 7 iyun tarixində cəsədlərin təhvil verilməsinin nəzərdə tutulduğunu bildirsə də, Ukrayna nümayəndələrinin həmin gün təhvil-təslimi qəbul etmədiyini açıqlayıb. Kiyev isə cavabında qeyd edib ki, konkret tarix danışıqlarda razılaşdırılmayıb və Rusiya bu addımı birtərəfli şəkildə ataraq məsuliyyəti Ukraynanın üzərinə yükləməyə çalışıb.

Ukraynalı müstəqil hərbi analitiklər hesab edirlər ki, bu hadisə Kremlin informasiya müharibəsinin bir hissəsidir. Moskva belə addımları “insani jest” kimi təqdim etməklə beynəlxalq imicini yaxşılaşdırmağa və eyni zamanda Kiyevi “öz əsgərlərinə hörmətsizlikdə” ittiham edərək daxildə parçalanma yaratmağa çalışır.

Qeyd edək ki, 10 iyun 2025-ci il tarixində tərəflər arasında növbəti əsir mübadiləsi də həyata keçirilib. Bu mübadilə də İstanbul razılaşmasının davamı kimi qiymətləndirilir və diplomatik kanalların hələ də açıq olduğunu göstərir.

Rasim Əliyev
AzPolitika.info