"Bu konfrans vasitəsilə elmi töhfəmizi verməyi qarşıya məqsəd qoymuşuq. Konfransa 24 ölkədən 57 xarici tədqiqatçı qatılıb. Daxil olmuş məqalələrdən 224-ü seçilib və həmin məqalələr əsasında hazırlanmış kitab bu gün iştirakçıların diqqətinə təqdim olunub".

Bu fikri VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) rektoru Ədalət Muradov səsləndirib.

Rektor Ə. Muradov qeyd edib ki,  paternalist yanaşma Azərbaycan elmi sistemində uzun illərdən bəri hakim model kimi mövcuddur: "Bu, sovet elmi irsindən qaynaqlanan və yuxarıdan aşağıya doğru qərarların verildiyi yanaşmada özünü göstərir. Paternalist elmi idarə etmə keçmişin modelidir. Bizim universitetimiz rəqabətli, təşəbbüskar və azad elmi mühit quraraq yalnız regional deyil, qlobal elmi sistemində söz sahibi ola bilər".

O əlavə edib ki, bu keçid yalnız struktur baxımından deyil, həm də elmi-mədəniyyət dəyişikliyidir: "İkinci məsələ elmi fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlıdır. Elmi fəaliyyətin bütün mərhələlərini - tədqiqat təşəbbüsündən başlayaraq nəticələr yayımlanana qədər olan mərhələləri rəqəmsal mühitə keçirməklə şəffaflıq, məsuldarlıq və qlobal inteqrasiya səviyyəsini yüksəltmək dövrün əsas tələbədir. Buna görə də bizim universitetimizdə bu istiqamətin rəqəmsallaşdırılması işinə başlanılıb. İlk olaraq elmi məlumatların idarə edilməsi modulu üzərində işlər gedir. Amma bu platforma özündə aşağıdakı çox ciddi məqamları ehtiva edir. Birincisi, tədqiqatçıların profilləri bu sistemdə öz əksini tapacaq. Bu platformada tədqiqat layihələrinin idarə edilməsi platforması nəzərdə tutulub. Düşünürəm ki, rəqəmsal yolla idarə etməklə elmi fəaliyyətin qiymətləndirilməsi daha asan olacaq. Bizim hazırladığımız layihədə qrant müraciətləri, onlara dair hesabatlar və monitorinq modulu öz əksini tapacaq".

Rektor vurğulayıb ki, elmi fəaliyyətin metrik hesabatları da bu sistem vasitəsilə əldə ediləcək: "Məqalələrin, istinadların sayını avtomatik olaraq bizim bu sistem vasitəsilə görə biləcəyik. Üçüncü istiqamət qrant sistemi və onlayn müsabiqələrin də rəqəmsallaşdırılmasıdır. Elmi qrantlara müraciət, qiymətləndirmə və nəticələrinin elan mərhələləri tam rəqəmsallaşdırılmalıdır. Bu, şəffaflığın və obyektivliyinin təminatı ilə yanaşı tədqiqatçılar üçün ciddi bir motivasiya ola bilir. Bundan başqa, süni intellekt əsaslı mənbə analizi, ədəbiyyat bələdçisinin universitetlərinin mövcud rəqamsal sisteminə inteqrasiyası zəruridir. Eləcə də tədqiqat metodologiyalarını avtomatik təhlil edən "ağıllı köməkçi" modulu inkişaf etdirilməlidir".

UNEC-in rektoru qeyd edib ki,  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Web of Science” və “Scopus” kimi nüfuzlu elmi platformalarda məqalələrin say artım tempinə görə dünya üzrə birinci yeri tutur.


Rektor universitetin elmi fəaliyyətinə dair statistik məlumatları da bölüşüb: "2024-cü ildə beynəlxalq platformalarda universitet əməkdaşlarının 662 elmi əsəri dərc olunub, bu nəşrlərə ümumilikdə 3 932 istinad qeydə alınıb. UNEC-in veb-formadakı elmi nəşrləri bütövlükdə ölkə üzrə ali təhsil və elmi müəssisələrin nəşrlərinin 19 faizini təşkil edib. 2024-cü ildə bu göstərici 22.7 faizə yüksəlib".

Ə.Muradovun sözlərinə görə, 2024-cü ilin ikinci yarısından etibarən universitetdə elmi fəaliyyətin rəqəmsallaşdırılması layihəsinə start verilib: "Bu sistem elmi fəaliyyətin rəqəmsal əsasda idarəolunması, maliyyələşdirilməsi və stimullaşdırılmasına xidmət edəcək. Məqsəd həm də araşdırmaların vahid platformada toplanması və şəffaflığın təmin edilməsidir".

Son beş ildə universitetdə 21 qrant layihəsinin icra edildiyini xatırladan rektor əlavə edib ki, 2022-ci ildən etibarən UNEC tarixində ilk dəfə universitetdaxili qrant layihələri həyata keçirilməyə başlanıb.

Rektor qeyd edib ki, hazırda UNEC-də 48 tədqiqat mərkəzi fəaliyyət göstərir, bu mərkəzlərdə 267 tədqiqatçı çalışır: "Onlardan 131-i xarici ölkələrin alimləridir. Yeni yaradılmış tədqiqat mərkəzləri çərçivəsində universitetə aid 659 məqalə nüfuzlu indeksli bazalarda dərc olunub".

Ədalət Muradovun sözlərinə görə,  hazırda universitetdə altı elmi jurnal fəaliyyət göstərir. Onlardan biri - yeni yaradılmış jurnal artıq 2024-cü ilin noyabr ayında "Scopus" bazasına daxil edilib və ikinci kvartalda yer alıb.

Rektor bildirib ki, 2024-cü ildə verilmiş qərara əsasən, universitetdə daha üç yeni elmi jurnalın yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

"AzPolitika.info"