Rusiya və Ukrayna arasında aparılan danışıqlar nəticəsində daha bir humanitar razılaşma reallaşıb. Ukraynanın Hərbi Əsir və Həlak Olmuşlarla İş üzrə Koordinasiya Qərargahı Rusiyadan 1200 ukraynalı hərbçinin cəsədinin təhvil alındığını açıqlayıb.

Rəsmi məlumata görə, yaxın günlərdə Ukrayna istintaq orqanları və tibbi ekspertlər şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün genetik və kriminalistik ekspertizalara başlayacaq. Kiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinə bu prosesdə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Rusiya tərəfi mübadilə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin TASS agentliyi bəzi mənbələrə istinadla iddia edir ki, bu dəfə Ukrayna tərəfi heç bir cəsəd təhvil verməyib. Bu ziddiyyətli mövqelər humanitar razılaşmaların icrasında şəffaflığın hələ də qeyri-kafi olduğunu göstərir.

Eyni gün Rusiya tərəfi daha bir əsir mübadiləsinin baş tutduğunu bəyan edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, rusiyalı hərbçilər Belarus ərazisinə qaytarılıb. Bu, son bir həftədə baş tutan dördüncü belə mübadilədir.

Ukrayna Prezidenti Volodimir Zelenski də bəyanatla çıxış edərək, bir qrup ukraynalı hərbi əsirin vətənə döndüyünü təsdiqləyib. Onun sözlərinə görə, əsirlər arasında 2022-ci ildən bəri girovluqda olanlar da var. Lakin mübadilə nəticəsində azad olunanların sayı açıqlanmayıb.

Məlumata əsasən, tərəflər arasında yalnız birmüddətli deyil, həm də daimi əsaslarla yaralı və ağır xəstə hərbçilərin qarşılıqlı təhvil verilməsi prosesinə start verilib. Bu addım danışıqlar prosesində etimadın artmasına xidmət edə bilər.

Qeyd edək ki, iyunun 2-də İstanbulda keçirilən görüşdə tərəflər əsir və cəsəd mübadiləsi ilə bağlı razılığa gəlmişdilər. Rusiya həmin görüşdə 6 min ukraynalı hərbçinin cəsədini birtərəfli qaydada təhvil verəcəyini bildirmişdi. İlk partiya üzrə 1212 cəsəd iyunun 7-də təhvil məntəqəsinə gətirilsə də, Moskva Kiyevin onları qəbul etmədiyini iddia etmişdi. Kiyev isə bu iddianı təkzib edərək, mübadilənin əvvəlcədən daha gec tarixə planlaşdırıldığını bildirmişdi. Nəticədə həmin mübadilə bir neçə gün sonra baş tutmuş və Rusiya 27 cəsəd geri almışdı.

Son təhvilvermə prosesi iyunun 13-də baş tutub və həmin gün Ukrayna 1200 nəfərlik yeni partiya barədə məlumatı ictimailəşdirib.

Rasim Əliyev
AzPolitika.info