İyunun 14-də Bakının “Badamdar Biznes & Residence Complex”in Zalında Vəhdət Partiyasının növbədənkənar VI Qurultayı keçirilib. Qurultayda ölkənin bütün rayonlarından seçilmiş 510 nümayəndə, eləcə də təxminən 50-60 ictimai-siyasi qonaq iştirak edib.

Növbədnkənar qurultayda Tahir Kərimli sədrlikdən gedib. Onun yerinə sədr müavini Adəm İsmayıl Bakuvi seçilib.

Yeni sədr Qurultay qarşısında öz siyasi platformasını və Vəhdət Partiyasının strateji hədəflərini təqdim edib

Tədbirin sonunda Qurultay nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etdilər. Bu müraciətdə dövlət başçısının apardığı siyasətə dəstək ifadə olunub və milli birliyə çağırış yer alıb

“AzPolitika”-ya daxil olan məlumata görə, qurultayın yeganə keçirilmə səbəbi T.Kərimlinin sədrlikdən getmək qərarı ilə bağlı olub. Onun qəfildən niyə belə qərar qəbul etməsi isə müəmmalıdır.

Partiyaya yaxın mənbələrin məlumatına görə, T.Kərimlinin daha əvvəl belə bir niyyəti olmayıb.

Qeyd edək ki, Vəhdət Partiyasının yeni sədri Adəm İsmayıl Bakuvi elmlər doktorudur, analitik və publisistik məqalələrin, bir neçə romanın, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırmanın müəllifidir. Bakuvi politoloq, filantrop kimi tanınsa da, onun bizneslə də məşğul olduğu bildirilir. Belə ki, məlumata görə, o, tikinti sektorunda bəzi layihələr həyata keçirib.

“AzPolitika.info”