Kanada hökuməti Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzünə cavab olaraq sanksiya siyahısını əhəmiyyətli dərəcədə genişləndirib. Kanada Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanata əsasən, yeni sanksiyalar 77 fiziki və 39 hüquqi şəxsi, eləcə də 201 ədəd "kölgə donanması"na daxil olan gəmiləri əhatə edir.

Bu addım, Rusiyanın neft satışından sanksiyalardan yayınmaqla əldə etdiyi gəlirlərin qarşısını almağa yönəlib. Rəsmi Ottavanın məlumatına görə, sözügedən donanma Rusiyanın dünya bazarına gizli neft ixracını təmin edir və bu gəlirlər müharibənin maliyyələşdirilməsində istifadə olunur.

Sanksiya siyahısında siyasi və iqtisadi fiqurlarla yanaşı, tanınmış şəxslər də yer alıb. Ən diqqətçəkən adlardan biri, Rusiyada müxtəlif yüksək vəzifələrdə çalışmış Anatoli Çubaysdır. O, müharibə başlayandan sonra Rusiya hakimiyyətindən uzaqlaşıb, lakin müharibəyə qarşı açıq mövqe sərgiləməyib.

Siyahıya daxil olan digər şəxslər bunlardır:

-Tatyana Yumşeva – Boris Yeltsinin qızı;

-Valentin Yumşev – onun həyat yoldaşı, keçmiş Prezident Administrasiyası rəhbəri;

-Lyudmila Oçeretnaya – Vladimir Putinin keçmiş həyat yoldaşı;

-Artur Oçeretnı – Oçeretnayanın indiki əri;

-Mixaíl Putin və Mixaíl Şelomov – Putinlə qohumluq əlaqəsində olan şəxslər;

-Valeri Gergiyev – tanınmış dirijor, Kremlə yaxın mədəniyyət xadimi;

-İrina Viner – Rusiya bədii gimnastika yığmasının keçmiş baş məşqçisi;

-Karin Knaysl – Avstriyanın sabiq xarici işlər naziri, hazırda Rusiyada yaşayır.

Kanada bu qərarı ilə Aleksey Navalnının komandası tərəfindən tərtib olunmuş “50 əsas korrupsioner və müharibə təhrikçisi” siyahısını tam şəkildə qəbul edən ilk G7 ölkəsi olub. FBK-nın rəhbərlərindən Mariya Pevçix bildirib ki, Kanada siyahını “heç bir dəyişiklik etmədən” tətbiq edib.

Qeyd edək ki, eyni gün Böyük Britaniya da Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açıqlayıb. Bu, Qərbin Rusiyaya qarşı koordinasiyalı təzyiq siyasətinin davam etdiyini göstərir.

Kanadanın qərarı yalnız Kremlə deyil, həm də onun ətrafındakı elita və “yumşaq güc” strukturlarına ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilir. Qərb göstərir ki, təkcə dövlət rəhbərliyi deyil, onun korrupsiyaya bulaşmış dayaqları da məsuliyyət daşıyacaq.

Rasim Əliyev
AzPolitika.info