Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda dünyanın gözü Vaşinqton və Təl-Əvivə çevrilib.

“AzPolitika” xəbər verir ki, İsrailin “Kanal 12” telekanalının məlumatına görə, ABŞ-nin müharibəyə birbaşa qoşulması ehtimalı gündəmdə olduğu bir zamanda, İsrailin geniş tərkibli kabineti bu gecə açıqlanmayan gizli bir məkanda toplaşacaq. Gündəmdə ABŞ-İsrail hərbi koordinasiyası, mümkün İran cavablarına qarşı tədbirlər və hava məkanının müdafiəsi məsələləri olacaq.

ABŞ-də isə diqqətlər Prezident Donald Trampa yönəlib. Vaşinqtonda səssizlik hökm sürsə də, hazırlıqlar tam müharibə səviyyəsindədir.

“The Times” qəzetinin yazdığına görə, ABŞ-nin masasında hazırda üç ssenari müzakirə olunur:

- İsrail təyyarələrinə havada yanacaq dəstəyi göstərilməsi;

- “Fordo” yeraltı nüvə obyektinin ABŞ istehsalı olan sığınacaq deşici bombalarla vurulması;

- İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd.


Trampın özəl görüşlərdə ikinci ssenariyə daha isti yanaşdığı, Pentaqonun isə bu istiqamətdə İsraillə koordinasiyalı şəkildə planları yenilədiyi bildirilir. Trampın həmçinin bu gün “Truth” sosial media diqqətçəkən açıqlama ilə çıxış edəcəyi gözlənilir.

Qeyd olunur ki, son günlər ABŞ tərəfindən Yaxın Şərqə çoxlu sayda döyüş gəmisi, yanacaq təchizatı təyyarələri və əlavə hərbi heyət göndərilib. Rəsmi açıqlamalarda bu addımların “müdafiə məqsədli” olduğu bildirilsə də, ABŞ mətbuatına danışan mənbələr artıq İrana qarşı qabaqlayıcı addım ehtimalının artdığını vurğulayıblar.


Bildirilir ki, İsrailin “Fordo” nüvə obyektinə hücum planı ilə bağlı qərar ABŞ-dən asılıdır. İsrail rəsmiləri bildirirlər ki, bütün hərbi planlar ABŞ-nin müəyyən bir mərhələdə savaşa qatılacağı ehtimalı üzərində qurulub.

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ-dən rəsmi dəstək istəməsə də, Trampdan müsbət qərar gözləyir. Ekspertlər qeyd edir ki, “Fordo” obyektinə ediləcək mümkün hücum üçün yalnız ABŞ silahları bu səviyyədə effektiv ola bilər.

“The War Zone” platformasının məlumatına görə, ABŞ ordusu genişmiqyaslı hərbi yerdəyişməyə başlayıb. Onlarla “F-16”, “F-22” və “F-35” tipli qırıcı təyyarə Yaxın Şərqdəki bazalara yönəldilib. Avropaya çatan 24-dən çox yanacaq təchizatı təyyarəsindən azı 17-si ötən gecə Yaxın Şərqə keçib.

Eyni zamanda ABŞ kəşfiyyatına görə, İran, mümkün ABŞ müdaxiləsi halında, bölgədəki Amerika bazalarına raket zərbələri endirmək üçün hazırlıqlar aparır.

“AzPolitika.info”