Vladimir Putin ötən gecə keçirdiyi brifinqdə İranda baş verənlərə dair sualları da cavablandırıb.

“AzPolitika” xəbər verir ki, jurnalistlər Putindən İranın ali lideri Əli Xamenei öldürülərsə, Kremlin buna necə reaksiya verəcəyini soruşublar. Putin cavabında bunu “müzakirə etmək belə istəmədiyini” deyərək, sualdan yayınıb. “İranla çox yaxşı münasibətlərimiz var” deyən Putin iddia edib ki, hazırda İran cəmiyyətinin guya ölkənin siyasi rəhbərliyi ətrafında birləşdiyini görür. Onun sözlərinə görə, “Rusiya İran ətrafında vəziyyətdən mümkün çıxış yolu təklif edib, lakin qərar Tehran və Təl-Əvivin ixtiyarındadır”. O əlavə edib ki, “bütün tərəflərə uyğun olan həll yolu” tapıla bilər.

Putin Rusiyanın “İranın dinc nüvə enerjisi sahəsində maraqlarının təmin edilməsində və eyni zamanda İsrailin öz təhlükəsizliyi ilə bağlı narahatlığının aradan qaldırılmasında” iştirakını təklif edib. O, bu “həll yolunu” hər iki tərəfə, eləcə də ABŞ-yə təklif etdiyini bildirib.

Putin əlavə edib ki, Rusiya İsraillə İranda atom elektrik stansiyaları tikən ruslara atəş açılmayacağı barədə anlaşıb.

O, həmçinin deyib ki, İran Rusiyanın hava hücumundan müdafiə sistemi yaratmaq təklifinə maraq göstərməyib və “raketdən müdafiə sistemlərinin lokal tədarükü ilə məhdudlaşıb”.

Əlavə edək ki, İrana hava hücumundan müdafiə sistemi yaratmağı təklif edən Rusiyanın özünün hava məkanı Ukraynanın heç də ən müasir olmayan PUA-ları və raketlərinin qarşısında acizliyini dəfələrlə göstərib və göstərməkdədir…

Putin həmçinin deyib ki, İranın yeraltı nüvə obyektləri “hələ də mövcuddur, onlara heç nə olmayıb”.

“AzPolitika.info”