Son günlər Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurmada erməni müxalifəti tez-tez hakimiyyəti Türkiyənin və Azərbaycanın sifarişilə hərəkət etməkdə günahlandırır.

“AzPolitika” xəbər verir ki, erməni mediası bununla bağlı Ermənistandakı hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyanın parlamentdəki çıxışını dərc edib.

Vardanyan deyib ki, müxalifət əhali arasında hökumətə qarşı narazılıq yaratmaq üçün Türkiyə kartından istifadə etməyə çalışır, hansı ki, erməni katalikosu ətrafında baş verənlər Türkiyə rəhbərliyini qətiyyən maraqlandırmır: “Ermənistanda katolikos ətrafında baş verənlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın heç vecinə də deyil”.

2024-cü il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı çıxış edən deputat müxalifəti qeyri-ciddi ittihamlarda günahlandırıb: "Müxalifət daim bəyan edir ki, biz Ərdoğanın tələblərini yerinə yetiririk. Ona görə də belə bir vəziyyət yaranıb. Bütün bunlar, ən azı, qeyri-ciddidir".

Millət vəkilinin sözlərinə görə, müxalifət Türkiyə və Azərbaycan prezidentlərinin adını bilərəkdən ona görə çəkir ki, bununla erməni cəmiyyətində “mənfi sosial enerji” toplanacağına ümid edir.

“AzPolitika.info”