İyunun 20-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Bu, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.
Ermənistan hökumətinin yaydığı məlumata görə, görüşdə Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin tənzimlənməsi prosesini müzakirə ediblər və konstruktiv dialoqun davam etdirilməsinin, konkret nəticələrə yönəlmiş qarşılıqlı səylərin vacibliyini vurğulayıblar.
Rəsmi məlumatda qeyd olunub ki, görüş zamanı regiondakı proseslər və bu kontekstdə ikitərəfli əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Paşinyan öz çıxışında Ermənistanın regionda sülh və sabitliyə sadiqliyini bəyan edib və qonşularla münasibətlərin normallaşdırılmasının rəsmi İrəvan üçün prioritet olduğunu bildirib.
Türkiyə Prezidenti Ərdoğan isə bəyan edib ki, Ankara yalnız Cənubi Qafqazda deyil, bütün bölgədə sabitliyin təmin olunması üçün bütün diplomatik imkanlardan istifadə edəcək.
Görüş zamanı tərəflər birbaşa dialoqun davam etdirilməsi ilə bağlı razılıqlarını da yenidən ifadə ediblər.
Bundan əlavə, Paçinyan Ərdoğana Ermənistan hökumətinin təşviq etdiyi, rəsmi Bakının isə Zəngəzur dəhlizindən yan keçdiyi üçün qəbul etmədiyi “Sülh kəsişməsi” adlı regional nəqliyyat təşəbbüsü haqqında məlumat verib.
Diqqət çəkən məqamlardan biri isə budur ki, Paşinyanın bu səfəri əvvəlkilərdən fərqli olaraq nə idman tədbiri, nə də beynəlxalq sammit çərçivəsində baş tutub. Bu, sırf iki ölkə liderinin ikitərəfli danışıqları üçün təşkil olunan ilk belə görüşdür. Ermənistan hakimiyyətinə yaxın mənbələr bu səfəri “tarixi” adlandırırlar.
Paşinyanın Ərdoğan tərəfindən qəbul edilməsi Ermənistan–Türkiyə münasibətlərində illərdir davam edən “buz dövrü”nün tam əriməsi anlamına gəlməsə də, prosesin artıq siyasi iradə və konkret planlar üzərindən davam etdiyini göstərir. Bu görüş həm də regionda dəyişən geosiyasi konfiqurasiyanın nəticəsi kimi dəyərləndirilə bilər.
Azərbaycanın qələbəsi ilə bitən Qarabağ müharibəsindən sonra bölgədə artan Rusiya boşluğunu Türkiyə və Qərb institutları doldurmağa çalışır. Ermənistanın Rusiya ilə gərginləşən münasibətləri fonunda İrəvanın Ankaraya birbaşa yaxınlaşması həm təhlükəsizlik, həm də iqtisadi baxımdan alternativlər axtarışının göstəricisidir.
Eyni zamanda, Ankara da Cənubi Qafqazda diplomatik təşəbbüsləri ilə nüfuzunu artırmaq, Azərbaycanın əldə etdiyi qələbə fonunda bölgənin yeni nizamlanmasında fəal rol oynamaq istəyir.
Lakin konkret nəticələrin əldə olunması hələ uzunmüddətli siyasi iradə, ictimai rəyin hazırlığı və Bakı ilə Ankara arasında razılaşdırılmış addımlardan asılı olacaq.
E. Rüstəmli
AzPolitika.info

Şərhlər