İsrail və ABŞ-ın İrana qarşı hücumları fonunda Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Rusiya və İran arasında diplomatik təmasları artırıb. Rusiya Prezidenti Vladimir Putin Moskvada İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş zamanı bildirib ki, İran xalqına yardım göstərmək üçün səylər göstərirlər.

Putin bu hücumları “təxribat xarakterli aqressiya” adlandıraraq, onlara heç bir siyasi və hüquqi əsas olmadığını vurğulayıb:

“Bu görüşün məqsədi yaranmış vəziyyətdən çıxış yollarını müzakirə etməkdir,” – deyə o bildirib.

Putin həmçinin İran Prezidenti Məsud Pəzəşkiyana və Ali Dini Lider Ayətullah Əli Xameneiyə xoş arzularını çatdırmağı xahiş edib.

Görüş zamanı Abbas Əraqçı ABŞ və İsrailin hərəkətlərini sərt şəkildə tənqid edib və Tehranın hazırda “ölkənin suverenliyini müdafiə etdiyini” bəyan edib. O, Rusiyanın mövqeyini yüksək qiymətləndirərək, Moskvanın bu məsələdə “tarixin doğru tərəfində” yer aldığını deyib.

“Reuters” agentliyi İran mənbələrinə istinadən yazır ki, Xamenei Əraqçını Moskvaya təkcə bəyanat deyil, real dəstək almaq məqsədilə göndərib. Lakin Tehran hələlik Kremlin mövqeyindən tam razı deyil və daha konkret addımlar gözləyir. Bu “konkret addımların” nədən ibarət olduğu isə açıqlanmayıb.

Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov da bildirib ki, bu mərhələdə İran tərəfinin rəsmi mövqeyini dinləmədən konkret yardım qərarları vermək mümkün deyil.

Qeyd olunur ki, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sənədində hərbi əməkdaşlığa dair xüsusi bənd yoxdur. Bu isə iki ölkə arasında mümkün koordinasiyanı məhdudlaşdırır.

Məlumata görə, Vladimir Putin ABŞ Prezidenti Donald Trampa İsrail-İran gərginliyi ilə bağlı vasitəçilik təklif etsə də, Tramp bu təklifi rədd edib və ona “əvvəlcə Ukraynadakı müharibəni həll etməyi” tövsiyə edib.

Hazırkı mərhələdə Rusiya “dəstək” və “tərəfdaşlıq” ritorikasını balanslı saxlamağa çalışır. Lakin Moskvanın konkret hərbi və ya siyasi öhdəlik götürməkdən çəkinməsi Tehranda narahatlıq doğurur. İranın Rusiya ilə bu mərhələdə quracağı əməkdaşlıq formatı bölgədəki gələcək diplomatik kursuna ciddi təsir göstərə bilər.

“AzPolitika.info”