İran ballistik raketlərlə İsrailə hücum edib. Raketlərdən azı biri Beerşeba şəhərinə düşüb.
APA xəbər verir ki, Kanal 12-nin məlumatına görə Beerşeba şəhərinə düşən raket 7 mərtəbəli binaya çırpılıb.
Raketin düşməsi nəticəsində ölənlərin olduğu, bir neçə nəfərin də yaralandığı bildirilir.
İsrail ordusunun məlumatına görə, İrandan daha bir neçə raket buraxılıb. Yerli sakinlərə sığınacaqlara getmələri tapşırılıb. Bir çox şəhərdə həyəcan siqnalı səsləndirilir.
Hücumun gecə saatlarında İsrailin Tehranı atəşə tutmasına cavab olduğu ehtimal olunur. İsrailin Hərbi Hava Qüvvələri şəhərin bir neçə ərazisini bir anda vurub.
ABŞ prezidenti Donald Trampın elan etdiyi atəşkəsin bir neçə saatdan sonra başlayacağı gözlənilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran və İsrailin qarşılıqlı olaraq atəşkəsə razılaşdıqlarını bildirmişdi. İranın Xarici İşlər naziri Abbas Əraqçi əvvəlcə Amerika liderinin sözlərini təkzib edərək “hər hansı atəşkəs barədə razılaşmanın” olmadığını qeyd etmişdi. Lakin bir neçə dəqiqə sonra o, İran bölmələrinin döyüş əməliyyatlarının “son dəqiqəyə, səhər saat 4-ə qədər davam etdiyini” vurğulayaraq hərbi əməliyyatların başa çatdığına işarə etmişdi.

Şərhlər